Putinin Dağlıq Qarabağla bağlı mövqeyi 100 ilidir ermənilərin spekulyasiya etdiyi mövzuya son qoydu

18 Noyabr 2020 15:24

Rusiya Prezidenti Vladimir Putinin səsləndirdiyi fikirlər bir sıra mühüm tərəfləri ilə diqqəti çəkir. Bunlardan biri hər şeydən öncə onun Dağlıq Qarabağın həmişə Azərbaycana aid olması ilə bağlı səsləndirdiyi fikirdir ki, bu əslində 100 ildir ki, ermənilər tərəfindən spekulyasiya edilən mövzuya birdəfəlik son qoydu.

Milli.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Deputatın sözlərinə görə, beləliklə Rusiya Prezidentinin bu mövqeyi həm tarixi, həm də hüquqi kontekstdə ermənilərin Dağlıq Qarabağ manipulyasiyasını onların əlindən alır:

"İkincisi, Rusiya Prezidenti açıq şəkildə Azərbaycanı müstəqil dövlət və etibarlı tərəfdaş kimi qiymətləndirir, onun beynəlxalq hüquqa əsaslanan özünümüdafiə haqlarını qəbul edir və əslində həm də BMT nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq təcavüzə qarşı özünün seçdiyi müttəfiqlərlə birlikdə suveren hüquqlarını bərpaetmə haqlarının olduğunu deyir. Elə Türkiyə-Azərbaycan müttəfiqliyinin də bu kontekstdə qiymətləndirilməli olduğunu irəli sürərək Ankaranın mövqeyinin əsla beynəlxalq hüquqa zidd olmadığını ifadə edir.

Nəhayət Rusiya Federasiyasının da beynəlxalq hüquqa hörmət edən və müttəfiqləri ilə münasibətdə öz öhdəliklərinə sadiq olan bir dövlət olduğunu, Dağlıq Qarbağla bağlı məsələnin heç bir halda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına aidiyyatı olmadığını deyir".

H.Babaoğlunun sözlərinə görə, bütün bunlar əslində Azərbaycanın regionda yaratdığı yeni geostrateji reallığın şərtlərinin beynəlxalq hüquqla uzlaşması və Rusiyanın bunu qəbul etməsi deməkdir:

"Düşünürəm ki, Putinin bu mövqeyi bundan sonra bütün beynəlxalq və regional aktorlara yeni reallığı dərk etmələri üçün yaxşı maarifləmdirmə xarakteri daşıyır. Eyni zamanda Putin informasiya məkanına da Rusiyanın rəsmi mövqeyini izah edir. Ona görə də bəzi rus media qrumları da bundan müəyyən nəticə çıxarmaqla öz informasiya siyasətlərinə düzəlişlər etməli olacaqlar.

Ən sonda isə Putin Azərbaycan ordusunun ən müasir və güclü ordulardan biri olduğunu düzgün qiymətləndirərək deyir ki, Ermənistan bu anlaşmanı qəbul etməsə, intihar etmiş olacaq. Bütün bunlar isə növbəti mərhələdə Rusiya-Azərbaycan münasibətlərinin qarşılıqlı etimad və tərəfdaşlıq əsasında daha da inkişaf edəcəyi ilə bağlı yaxşı perspektivlər yaradır. Bu da hər iki qonşu ölkənin milli maraqlarına uyğundur".

Milli.Az