İsveçrədə şirkətlər ödədikləri rüşvəti vergidən yayındıra bilməyəcək

18 Noyabr 2020 07:41

Qəribə də olsa, 1996-cı ildə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) daxil olan ölkələrin yarısı digər ölkələrdə dövlət təmsilçilərinə ödənilən rüşvətin vergiyə cəlb olunmamasına icazə verirdi. Bunların arasında Almaniya, Fransa, Avstraliya, Yeni Zelandiya və İsveçrə də var idi.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, həmin ölkələrdə fəaliyyət göstərən şirkətlər bəzi xarici ölkələrdə biznes aparmaq üçün rüşvət vermək məcburiyyətində qaldıqlarını bildirirdi. Sonrakı dövrlərdə biznes təcrübələri dəyişdikcə OECD rüşvət və çirkli pulların yuyulması ilə bağlı daha sərt qanunların tətbiqi üçün təzyiqləri artırdı. Buna baxmayaraq, 2001-ci ildə İsveçrə dövlət sektorunda çalışanlara ödənilən rüşvətin vergidən azad olunmasını qüvvədə saxladı. Bu ölkənin qanunvericiliyi şirkətlərin ayrı-ayrı fərdlərə rüşvət verməsini yalnız 2015-ci ildə cinayət kimi təsbit edib.

BBC agentliyinin məlumatında bildirilir ki, İsveçrə hökuməti vergi qanunvericiliyinin cinayət məcəlləsinə uyğunlaşdırılması barədə qərar qəbul edib. Hökumətin bu qərarına əsasən, İsveçrədə şirkətlərin fərdlərə ödədikləri rüşvət vergidən azad edilməyəcək.

"Vergi cənnətləri" imicindən qurtulmağı qarşısına məqsəd qoyan İsveçrədə yeni qayda 2022-ci ildə qüvvəyə minəcək.

Milli.Az