Dağlıq Qarabağla bağlı əldə olunan razılaşmalara əməl olunur - Putin

17 Noyabr 2020 16:06

Dağlıq Qarabağla bağlı əldə olunan razılaşmalara əməl olunur, regionda vəziyyət stabilləşir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Rusiya Prezidenti Vladimir Putin BRİKS (Braziliya, Rusiya, Hindistan, Çin və CAR) ölkələrinin sammitində deyib.

O bildirib ki, sentyabr ayında kəskinləşmiş Dağlıq Qarabağ münaqişəsinin dayandırılması üçün Rusiya ciddi səylər göstərdi:

"Bizim vasitəçiliyimiz nəticəsində noyabrın 10-da atəşin dayandırılması və Dağlıq Qarabağda rusiyalı sülhməramlıların yerləşdirilməsi barədə razılaşmalar əldə olundu".

Prezident əlavə edib ki, əldə olunan razılaşmalara əməl olunur:

"Döyüş əməliyyatları tamamilə dayandırılıb, vəziyyət stabilləşir. Beləliklə, münaqişənin ədalətli əsasda, həm Azərbaycan, həm də erməni xalqının maraqları çərçivəsində uzunmüddətli və tamformatlı tənzimlənməsi üçün şərait yaradılıb".

Milli.Az