Şuşikənd yazılışına aydınlıq gətirildi - YENİLƏNİB - FOTO

13 Noyabr 2020 11:51

13.11.2012
11:51

Azərbaycan xəritəsində Xocalı rayonunun kəndinin adının Şuşikənd kimi qeyd olunması məsələsinə aydınlıq gətirilib. 

Xatırladaq ki, Bakı Kartoqrafiya Fabrikinin 2008-ci ildə tərtib etdiyi Azərbaycan xəritəsində Xocalı rayonunun Şuşikənd kəndinin adı bir sıra vətəndaşlarda sual yaradıb. Milli.Az-a müraciət edən oxucu ermənilərin Şuşanı Şuşi kimi tələffüz etmələrinə istinad edərək Şuşikəndin də erməni adı olduğunu və əslində, Şuşakənd kimi qeyd edilməli olduğunu bildiriblər.

Qeyd edək ki, 9 noyabrda işğaldan azad edilən kəndin adı mediada Şuşakənd olaraq tirajlanıb. 

Redaksiya ilə əlaqə saxlayan Geodeziya və Kartoqrafiya MMC-nin (Bakı Kartoqrafiya Fabriki indi bu adla fəaliyyətdədir) direktor müavini Müqabil Bayramov isə oxcunun iddiasında yanıldığını vurğulayıb. O deyib ki, bütün xəritələr hazırlananda mütləq şəkildə rəsmi sənədlərə istinad edilir. 

M.Bayramov əlavə edib ki, rəsmi qurumlar tərəfindən qəbul edilən bütün qərarlarda, hazırlanan bütün sənədlərdə Xocalının sözügedən kəndi Şuşikənd kimi qeyd edilib. İstər Milli Məclisin aidiyyəti sənədi olsun, 

İstər Statistika Komitəsinin sənədində kəndin adı xəritədə qeyd edildiyi kimi göstərilib. 

M.Bayramov əlavə edib ki, hətta Nazim Tapdıqoğlunun müəllifi olduğu "Ermənistanın Azərbaycana təcavüzünün faciəli nəticələri (1988-1994)" kitabında da kənd Şuşikənd kimi qeyd edilib. 

Onun sözlərinə görə, ümumiyyətlə, Şuşikənd erməni toponimi deyil, Azərbaycan sözüdür və xəritə tərtib edilərkən toponimlərə xüsusi diqqət edilir. Ərazilər Ermənistanın dəyişdirdiyi toponimlər kimi deyil, yurdun qədim, əsl adları ilə qeyd edilir.

-----------------
12.11.2020
13:03

2008-ci ildə Bakı Kartoqrafiya fabrikinin tərtib etdiyi Azərbaycan xəritəsində yanlışlığa yol verilib.

Oxucumuz Tural Fərzəliyevin Milli.Az-a göndərdiyi şəkillərdə xəritədə Xocalı rayonunun Şuşakənd kəndinin adı düzgün qeyd edilməyib. Belə ki, Şuşakənd Şuşikənd kimi yazılıb. Bildirək ki, ermənilər Şuşaya Şuşi deyirlər. Bu baxımdan kəndin adı ermənilərin tələffüz etdiyi formada əks edilib. 

Xəritə 3000 tirajla dərc edilib.

Qeyd edək ki, Xocalının Şuşakənd kəndi noyabrın 9-da işğaldan azad edilib.

Milli.Az