Qarabağ müharibəsi bitdi: Anlaşmanın şərtləri bizə nə vəd edir? - BİZİM ŞƏRH

10 Noyabr 2020 13:13

Ermənistanın tam və qeyd-şərtsiz kapitulyasiyası. Dağlıq Qarabağa heç bir statusun verilməməsi, erməni işğalında olan bütün ərazilərin azad edilməsi, Ermənistanın hərbi birləşmələrinin Qarabağdan son nəfərə qədər çıxarılması, 870 min azərbaycanlı məcburi köçkünün Qarabağa və ətrafdakı 7 rayona qayıtması, sərhədlərin tam bərpası.

1988-ci ilədək Qarabağda yaşamış ermənilər ora qayıda bilərlər, amma bir şərtlə - separatçı-terrorçu dəstələrdə iştirak etməyiblər, ələ silah almayıblar.

Onlar vətəndaşlıq almaq üçün Azərbaycanın müvafiq dövlət qurumlarına müraciət etməli, Azərbaycan dilindən və Konstitusiya biliklərindən test verməlidirlər.

Türkiyədən olan sülhməramlılar bu gün saat 18 radələrində Qarabağa daxil olacaqlar.

Azərbaycan de-yure olaraq Ermənistanla müharibə şəraitində deyildi və bu səbəbdən anlaşma işğaldakı bütün əraziləri de-fakto Azərbaycana qaytarır.

Dağlıq Qarabağdakı rayonların sonrakı taleyini Azərbaycanın Milli Məclisi müəyyənləşdirəcək.

Dağlıq Qarabağda heç bir "erməni hökuməti" və ya "erməni administrasiyası" olmayacaq.

... Beləliklə, müasir tarixmizin ən şanlı və eyni zamanda ən çətin, ən qanlı savaşlarından biri başa çatdı.

Ermənistanın kapitulyasiyası İrəvanda kütləvi iğtişaşlara səbəb olub. Ermənilər çox narazıdır. Onlar Nikol Paşinyanın istefasını tələb edirlər.

Dünən gecə İrəvanda iğtişaşar başlayıb, aksiya iştirakçıları Hökumət Evinə soxulublar, sonra parlament binasına giriblər, oraları alt-üst ediblər.

Ermənistan indi nifrət, qəzəb, kin-küdurət və qisas inqilabı ərəfəsindədir.

Ölkədəki bütün müxalifət partiyaları və Erməni Apostol kilsəsi Paşinyanın istefası ilə yanaşı, Qarabağ anlaşmasının ləğvini tələb edirlər.

Ermənistan dövlət çevrilişi ərəfəsindədir.

Halbuki hər şey başqa cür ola bilərdi: Ermənistan onillərdən bəri Qarabağ xülyası ilə yaşamasaydı, işğalçılıq siyasəti yürütməsəydi, normal və adekvat siyasət yürütsəydi.

Ermənilərin "Qarabağ qədim erməni torpağıdır" kimi sarsaq və sentimental illüziyaları puç olub.

Ermənistan Qarabağı itirdi. Birdəfəlik.

Çünki Azərbaycan və Rusiya prezidentləri İlham Əliyevlə Vladimir Putin arasında imzalanmış anlaşma Qarabağla bağlı vəziyyəti 1991-ci ilə qaytarıb.

Üstəlik, Azərbaycanın hələ 1988-ci ildə üzərilərində nəzarəti əldən verdiyi Hadrut və Xocavənd rayonları azad olundu.

Və ən nəhayət, Azərbaycanın "materik" hissəsini Naxçıvanla birləşdirəcək dəhliz əldə olundu: həmin dəhliz Ermənistan ərazisindən keçəcək.

Müqavilənin şərtlərinə görə, Qarabağa rusiyalı və türk sülhməramlılar yeridiləcək. Rusiyalı sülhməramlıların səlahiyyət müddəti 5 ildir və həmin sürə başa çatana yaxın Azərbaycanın etirazı olmasa, daha 5 il müddətinə rusiyalı hərbçilər Qarabağda qala bilərlər. Bu zaman kəsiyində Dağlıq Qarabağın Əsgəran, Xocalı, Xankəndi, Xocavənd rayonlarının Azərbaycana tam reinteqrasiyasının yolları müzakirə olunub reallaşdırılacaq.

Ölkə parlamentinin spikeri Ararat Mirzoyanı yerə yıxıb döyən, ağır xəsarətlər yetirib az qala şikəst edən kütlə İrəvanda qiyam etmək istəyirlər.

Onu da deyirlər ki, Qarabağ anlaşmasını tanımırlar, bu sənəddəki şərtlərə əməl etməyəcəklər.

Bu, onların xam xəyallarıdır.

İndisə Qarabağla bağlı anlaşma, onun şərtləri və s. barədə sualları cavablamağa çalışım.

1. "Ermənilər anlaşmaya əməl edəcəklər?". Bəli, Ermənistanın seçimi yoxdur, çünki anlaşmanın qarantları, yəni təminatçıları ATƏT-in Minsk Qrupunun üzvləri olan Rusiya ilə Türkiyədir. Ermənistandakı müxalifət istədiyi qədər aksiyalar keçirə bilər, amma anlaşmadakı bəndlərin hamısına riayət etməlidir, edəcək də.

Əks təqdirdə savaş yenidən başlayacaq və bu dəfəki nəticələr ermənilər üçün fəlakətə bərabər olacaq.

2. "Udan ermənilərdir, çünki əsgərlərimiz bütün rayonları azad edə bilərdi". Belə deyil. Ağdərə, Xocavənd, Əsgəran və xüsusilə də Xankəndiyə hücumları Qərb laqeydliklə qarşılamayacaqdı. Rusiya isə ümumiyyətlə, bütün imkanlarını işə salaraq erməniləri dəstəkləyəcəkdi. Udan tərəf birmənalı olaraq bizik. Çünki "Dağlıq Qarabağ" adlı məkan, ümumiyyətlə, yoxa çıxıb. Ermənistanın qoşunları ilə yanaşı, qarabağlı ermənilərin hərbi birləşmələri Qarabağdan çıxarılacaq. Qarabağdakı mülki erməni əhalini çıxarmaq planları yoxdur, amma onlar da ermənilərin hərbçilərinin arxasınca Qarabağı tərk edirlər.

Azad edilmiş ərazilərdə Azərbaycanın dövlət qurumları işə başlayacaq, Ermənistanla sərhəddə sərhədçilər duracaq, bütün rayonlarda Azərbaycan polisi asayişi qoruyacaq.

Naxçıvanla ekstraterritorial nəqliyyat dəhlizi faktiki olaraq Ermənistanın nəzarətində olmayacaq, çünki dəhlizi rusiyalı sərhədçilər və sülhməramlılar qoruyacaqlar. Buna bütün Qarabağı savaşla əldə etsək belə, nail ola bilməyəcəkdik: söhbət Ermənistan ərazisindən gedir.

Ermənistan bu şərti qəbul etməyə məcbur idi, çünki nə normal ordusu, nə də müttəfiqləri var.

3. "Məqsədimizə çatmadıq". Çatdıq. Savaşın ilk günlərində rəsmi Bakı bəyan etmişdi ki, məqsədimiz Dağlıq Qarabağ ətrafındakı 7 rayonun və Şuşanın azad edilməsidir. Bu məqsədə nəinki çatdıq - hətta Dağlıq Qarabağın 2 rayonunu da işğalçılardan təmizlədik. 7 rayondan 4-ü savaşla azadlığa qovuşdu.

Savaş günlərində dünyanın bütün böyük dövlətləri və beynəlxalq təşkilatlar Bakıya hədsiz sərt təzyiqlər edərək İkinci Qarabağ Müharibəsini dayandırmağı tələb edirdilər.

Bakı bu təzyiqlərə sinə gərdi və əks şərt kimi bildirdi ki, BMT Təhlükəsizlik Şurasının işğal edilmiş ərazilər kimi tanıdığı bütün rayonları Ermənistan azad etməlidir.

Prezident İlham Əliyev dəfələrlə bəyan etdi: "Laçın, Kəlbəcər və Ağdam rayonlarının azad ediləcəyi barədə Nikol Paşinyan öhdəlik götürsün, savaşı dərhal dayandıraq".

Paşinyan isə sonadək mübarizə aparacağını deyirdi, amma Şuşa işğaldan azad ediləndə o, uduzduğunu anladı.

Anladı ki, Qarabağda darmadağın edilən ordusu artıq mübarizə apara bilmir, Azərbaycan Ordusu Qarabağın incisi Şuşanı cəmi bir neçə saat ərzində azad edib.

4. "Təmas xətti olacaqmı?" Yox. Rusiyalı sülhməramlılar, sadəcə, Azərbaycan və Ermənistan qoşunları arasında təhlükəsizlik buferi rolunu oynayacaqlar. Sülhməramlılar korpusunda türk hərbçilər də olacaq.

Qarabağ anlaşmasının reallaşdırılmasında Türkiyənin aktiv iştirakı Bakının əsas tələblərindən biri idi. Çünki türk hərbçilərinin Qarabağdakı varlığı Azərbaycanın maraqlarının toxunulmazlığının təminatıdır.

Rusiya və Türkiyənin müdafiə nazirləri Sergey Şoyqu ilə Hülusi Akarın bununla bağlı müqavilə imzalamaları gözləyir.

5. "Xankəndiyə çatırdıq, niyə dayandıq?" Ona görə ki, qarşımızda, sadəcə, səfil Ermənistanın zəlil qoyduğumuz ordusu yox, dünyanın müxtəlif ölkələrindəki erməni diasporu vardı.

Erməni diasporunun imkanlarını anlamaq üçün ABŞ-dakı prezident seçkilərində qalib gəlmiş Co Baydenin, Fransa prezidenti Emmanuel Makronun, Avropa İttifaqındakı ölkələrin liderlərinin bəyanatlarını yada salın.

Qərb Azərbaycanı "Kosovo ssenarisi" ilə hədələyirdi. İş o yerə çatmışdı ki, ermənilərin qaçdığı yaşayış məntəqələrinin boşalmasına görə Azərbaycan etnik təmizləmələrdə suçlana bilərdi.

Bizi, sadəcə, dörd ölkə - Türkiyə, İsrail, Pakistan və Britaniya aşkar şəkildə dəstəklədilər, vəssəlam.

Qarabağda etnik təmizləmələr və soyqırım siyasətini Azərbaycan yox, Ermənistan həyata keçirib.

Ermənistanın bütün dövlət başçıları, sonra da Baş nazir Nikol Paşinyan aşkar şəkildə nasist ideologiyasına istinad edən siyasət yürüdürdülər.

Lakin Azərbaycan prezidenti İlham Əliyev bütün çətinliklərə sinə gərərək yeni reallığı yaratdı, geosiyasi qüvvələr nisbətini dəyişdi. O, regionun üç supergücü olan Rusiya, Türkiyə və İranın Qarabağ məsələsində Azərbaycana dəstək vermələrinə nail oldu və beləliklə, Moskva-Ankara-Bakı və Moskva-Bakı-Tehran geosiyasi konfiqurasiyalarının təməlini qoydu.

Bu isə ayrı, yeni regional sistemdir.

Artıq Qərb də anlayır ki, ermənilərin "Qarabağ xəstəliyi" bütün region üçün bəladır.

Qarabağ savaşının əsas nəticələrindən biri də budur.

Elçin Alıoğlu
Milli.Az