Paşinyan: “Ermənistan Rusiyadan gözlədiyi dəstəyi alır”

8 Noyabr 2020 11:13

Ermənistanın Baş naziri Nikol Paşinyan Almaniyanın "ARD" telekanalına verdiyi müsahibədə İrəvanın Rusiyadan müttəfiq münasibətləri çərçivəsində gözlədiyi dəstəyi aldığını söyləyib.

Milli.Az musavat.com-a istinadən bildirir ki, baş nazir müsahibədə deyib: "Rusiyadan gözlədiyimiz dəstəyi alırıq, Rusiyanın Ermənistan qarşında üzərinə götürdüyü təhlükəsizliklə bağlı öhdəliklərini və müttəfiq kimi öhdəliklərinin keyfiyyətli şəkildə yerinə yetirməsinə şübhə etmirik".

Paşinyan bildirib ki, erməni tərəfi Rusiyanın ATƏT-in Minsk qrupunun həmsədri olduğunu və Dağlıq Qarabağ məsələsində bitərəfliyi qorumaq üçün müəyyən bir öhdəlik götürdüyünü anlayışla qarşılayır və eyni zamanda Rusiyanın Azərbaycanla da yaxşı münasibətlərdə olduğunu başa düşür: "Əlbəttə, bu, mürəkkəb bir vəziyyətdir, ancaq biz Rusiyanın Ermənistan qarşısında üzərinə götürdüyü öhdəliklərin keyfiyyətlə yerinə yetirməsindən razıdır".

Milli.Az