Borc aldı, hələ borclu da çıxartdı

24 Aprel 2010 10:25
Paytaxtın Yasamal rayonunda quldurluq hadisəsi törədilib. Rayon Polis İdarəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, Bakı sakini Andrey Pisa ona borclu olan tanışı İsmayıl adlı şəxsin hücumuna məruz qalıb.

Belə ki, A.Pisa ona pul borclu olan İsmayıldan pulu geri qaytarmasını istəyib. Pulu qaytarmaq istəməyən İsmayıl onu aldadaraq Hüseyn Cavid prospektində görüş təyin edib. Bu zaman İsmayıl və onunla birgə olan naməlum şəxs A.Pisaya məxsus "VAZ-2106" markalı avtomaşına oturub. Onlar bıçaqla A.Pisanı hədələyərək maşını və şəxsi sənədləri alıblar və onu möhkəm döyüblər.

Hadisədən sonra onlar A.Pisaya zəng edərək avtomobili Hüseyn Cavid prospektində qoyduqlarını bildiriblər və ondan avtomobil və sənədlərin qaytarılması üçün 800 manat pul verməsini tələb ediblər.

Faktla bağlı cinayət işi başlanıb, həmin şəxslərin tutulması istiqamətində axtarış tədbirləri aparılır.

Anar Məmmədov
Milli.Az