ATƏT-in Minsk Qrupu Cenevrə görüşü ilə bağlı bəyanat yayıb

31 Oktyabr 2020 07:15

Oktyabrın 30-u Cenevrədə ATƏT-in Minsk Qrupu həmsədrləri Stefan Viskonti (Fransa), Endryu Şofer (ABŞ), İqor Popov (Rusiya) ayrı-ayrılıqda və birgə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyanla görüşüblər.

Milli.Az Trend-ə istinadən bildirir ki, görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin nümayəndəsi Anjey Kasprşik də iştirak edib. Tərəflər həmçinin BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Grandi və BQXK prezidenti Peter Maurer ilə də danışıblar.

Həmsədrlər tərəfləri oktyabrın 17-si Parisdə və oktyabrın 25-i Vaşinqtonda təsdiqlədikləri 10 oktyabr tarixli Moskva Birgə Bəyanatına uyğun olaraq dərhal humanitar atəşkəsin qurulması da daxil olmaqla, öhdəliklərini tam şəkildə yerinə yetirməyə bir daha çağırıblar.

Atəşkəsin və ya digər öhdəliklərin həyata keçirilməsinə xələl gətirmədən, tərəflər təcili əsasda bir sıra addımlar atmağa razı olublar:

- tərəflər beynəlxalq humanitar hüquqa uyğun olaraq qəsdən mülki əhalini və ya qeyri-hərbi obyektləri hədəf almayacaqlar;

- tərəflər BQXK və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinə lazımi təhlükəsizlik zəmanətlərini verərək döyüş sahəsindəki qalıqların toplanmasında və mübadiləsində fəal iştirak edəcəklər;

- tərəflər bir həftə ərzində BQXK-ya və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinə giriş və mümkün mübadilə üçün saxlanılan hərbi əsirlərin siyahısını təqdim edəcəklər;

- tərəflər 10 oktyabr tarixli birgə bəyanatın 2-ci bəndinə uyğun olaraq atəşkəsin təsdiqlənməsi mexanizmləri ilə bağlı şərh və sualları yazılı şəkildə təqdim edəcəklər.

Tərəflər 10 oktyabr tarixli birgə bəyanatın 3-cü bəndinə uyğun olaraq hərtərəfli həll yolunun əsas elementləri barədə danışıqlar mövqelərini aydınlaşdırılmasına yönəlik açıq və əsaslı fikir mübadiləsi aparıblar.

Həmsədrlər münaqişənin sülh yolu ilə həll edilməsi üçün tərəflərlə intensiv şəkildə çalışmağa davam edəcəklər.

Milli.Az