Ermənistan həddini aşdı - Əli azyaşlıların qanına batan Paşinyana dur deyən yoxdur

30 Oktyabr 2020 12:34

Sentyabrın 27-də Ermənistanın törətdiyi növbəti təxribat Azərbaycan Ordusunun işğal altındakı torpaqlarda əks-hücum əməliyyatlarının başlaması ilə nəticələndi. Tovuz döyüşləri bitər-bitməz havadarları tərəfindən mütəmadi silahlandırılan Ermənistanın Azərbaycan Ordusunu 1990-cı illərin ordusu kimi təsəvvür etdiyi müharibənin gedişində öz təsdiqini tapdı. Qarşısında daha güclü, daha komplektləşdirilmiş modern silahlarla təchiz olunmuş ordunu görən Ermənistanın dizləri əsməyə başladı. Düşmən Azərbaycanın əlindən xilas olmaq üçün gah bu müharibəyə din savaşı adı verərək xristian ölkələrini Azərbaycana qarşı qaldırmaq istədi, gah da...

Hə, Ermənistan gah da Azərbaycana qarşı müharibəyə üzvü olduğu KTMT dövlətlərini cəlb etməyə çalışdı. Öz torpaqlarında ərazisinin bütövlüyü uğrunda savaşa başlayan Azərbaycan Ordusu işğalçıların hərbi obyektlərini müasir silahlar vasitəsi ilə məhv edərək bu zamana kimi dəyəri 2 milyarddan çox olduğu deyilən silah-sursatını sıradan çıxarıb. Düşmən vəziyyətin getdikcə dözülməz olduğunu görüncə humanitar atəşkəs barədə razılaşdı. Lakin cəmi 12 saat sonra Azərbaycanın cəbhə bölgəsindən xeyli aralıda yerləşən ikinci ən böyük şəhəri Gəncə gecə saatlarında ballistik raket hücumuna məruz qaldı. Çoxlu sayda insanın qətlə yetirildiyi hücum zamanı ölənlərin əksəriyyəti azyaşlı uşaqlar oldu. Cəmi bir həftə sonra yenə humanitar atəşkəs barədə razılığa gəlinsə də düşmən eyni terror əməlini təkrarladı.

Sentyabrın 27-dən bu günə kimi 90 dinc sakin erməni terrorunun qurbanı olub

Oktyabrın 27-də isə atəşkəsdən heç bir saat keçməmiş Ermənistan bu dəfə mülki əhalinin sıx yaşadığı Bərdə şəhərini "Smerç" qurğusundan kasetli raketlərlə atəşə tutaraq 26 insanın ölümünə, 70-dən çox vətəndaşın isə yaralanmasına səbəb oldu. Düşmənin terrorçu əməllərini kənardan izləməklə məşğul olan dünya ictimiyyəti, elə dünyaya ən böyük təhdid olan Ermənistanın hərbi cinayətlərinə səslərini çıxarmamaqla haqq-ədalət prinsiplərinin yalnız öz işlərinə yaradıqda işə düşdüyünü nümayiş etdirdilər. Bu azmış kimi Fransanın "France 24" telekanalı və məşhur "Yahoo.com" saytında guya Xankəndi şəhərinin Azərbaycan Ordusu tərəfindən raket atəşinə tutulması ilə bağlı məlumat dərc olunub. Hər iki internet resursunda dərc olunan məlumat Ermənistan silahlı qüvvələrinin Bərdə şəhərində törətdiyi terror hadisəsi zamanı çəkilən foto ilə birlikdə yayımlanıb.

Belə ki, saxta xəbər yaymaqla kifayətlənməyən saytlar ermənilərin Bərdə şəhərində törətdiyi terror aktından sonra çəkilən fotonu Dağlıq Qarabağda lentə alınmış foto kimi təqdim ediblər. Daha sonra azərbaycanlı oxucuların, izləyicilərin çoxsaylı şikayət və etirazlarından sonra hər iki sayt fotonu xəbərdən çıxarıb.

Lakin dinc əhaliyə qarşı bu soyqrımı araşdıran "Amnesty International" təşkilatı Ermənistanın Azərbaycanın Bərdə şəhərinə istifadəsi qadağan olunmuş kasetli raketlərlə zərbələr endirdiyini təsdiqləyib. Açıqlamada "Dünən yerli vaxtla saat 13:30-da Bərdə şəhərinə bir və ya bir neçə "Smerç" raketləri atılıb və bu xəstəxanaya yaxın yaşayış ərazisinə düşüb. Azərbaycanın Baş Prokurorluğu bildirib ki, ən azı 21 nəfər həlak olub, 70-dən çox şəxs yaralanıb" qeyd olunub. "Amnesty International"ın böhrana cavab mütəxəssisləri, şəkillərə əsasən, şəhərə erməni qüvvələri tərəfindən atılan raket qalıqlarının Rusiya istehsalı olan 9M55 "Smerch" 9N235 sursat parçalarının olduğunu təsdiqləyib: "Kasetli sursatlardan mülki ərazilərə qarşı istifadə etmək amansızlıqdır və məsuliyyətsizlikdir. Bu, çoxsaylı insan itkisinə, yaralanmaya səbəb olur". Təşkilatın Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Marie Struthers kasetli döyüş sursatlarının hər cür şəraitdə istifadəsi beynəlxalq humanitar hüquqa əsasən qadağan olduğunu qeyd edib: "Hər iki tərəfi kasetli silahların istifadəsindən çəkinməyə və mülki şəxslərin müdafiəsinə üstünlük verməyə çağırırıq".

Ermənistan silahlı qüvvələri Bərdəyə hücum zamanı beynəlxalq səviyyədə istifadəsi qadağan olunmuş kasetli döyüş sursatları və ən azı bir uzunmənzilli raket növündən istifadə etdiyini "Human Rights Watch" təşkilatı da bəyan edib. Bütün bu faktlar qarşısında dünya ictimaiyyəti, Azərbaycanı sülhə çağıran dünya liderləri, beynəlxalq qurumlar hələ də səssizliyini qoruyur. BMT Təhlükəsizlik Şurasının qətnaməsini yerinə yetirdiyi kimi, bu terror hücumunun da əvəzini Azərbaycan Ordusu döyüş meydanında çıxmaqda davam edir və edəcək. Belə ki, Bərdə şəhərində dinc əhalini və mülki infrastrukturu atəşə tutan Ermənistan silahlı qüvvələrinə məxsus "Smerç" yaylım atəşli reaktiv sisteminin atəş mövqeyi bölmələrimiz tərəfindən aşkar edilərək dəqiq atəşlə məhv edilib. Azərbaycan xalqının ərazi bütövlüyü uğrunda doğma torpaqlarında apardığı Vətən Müharibəsi davam edir...

Təhməz Əsədov
Milli.Az