Fransa dövləti bir TV kanalın təhlükəsizliyini qoruya bilməyəcək qədər acizdirmi?

28 Oktyabr 2020 14:41

"TF-1" TV kanalı ətrafında yaşanan insident Fransa dövlətini rəzil duruma salıb

Beynəlxalq jurnalist təşkilatları Avropada media azadlığı durumunun kəskin şəkildə, həm də sürətlə pisləşməsindən narahatdırlar. Simptomlar çoxdur, sırada ən  qabarıq görünən isə jurnalistlərin təhdid edilməsi və ya birbaşa öldürülməsidir.  Son 10 il müddətində qitədə jurnalist ölümünün sayı 40-a çatıb, həyəcan siqnalı çalmaq həddinə yüksəlib. Kəmiyyət baxımından öndə gedən ölkə Fransadır. Jurnalist ölümü, təhdidi, təqibi,  ifadə azadlığına məhdudiyyətlər tətbiq edilməsi baxımından öndə görünür. Hansı ki, "demokratiyanın ilk beşiyi" barədə fikirlər fərqlidir, Fransa haqqında tarixən formalaşmış imic imkan vermir ki, onun bugünkü durumu barədə həqiqətlər olduğu kimi dərk edilsin. Faktlar isə fərqli mənzərə formalaşdırır.

Dramatik hal 2015-ci ildə yaşandı. Fransada nəşr olunan "Charlie Hebdo" satirik jurnalının Parisdəki redaksiyasına silahlı hücum oldu.  2 naməlum şəxs redaksiyaya daxil olaraq əməkdaşları atəşə tutdu. Hadisə zamanı redaksiyanın  12 nəfər əməkdaşı  öldü, 5 nəfər yaralandı. Bəzi əməkdaşlar binanın damında gizlənməklə canlarını qyrtara bildilər. Basqınçılar hadisə yerindən uzaqlaşarkən polisləri də atəşə tutdular, nəticədə 1 polis əməkdaşı yaralandı. Hadisənin ağırlığı, söz azadlığına basqının pislənilməsi, terrorun yolverilməzliyi barədə deyilənlər öz yerində, bu yanaşmanı hər kəs qəbul etdi. Verilən bəyanatlar, pisləmələr öz yerində.

Amma olayın dolayısı ilə ortaya çıxardığı bir gerçək də diqqətdən yayınmadı: Dünyanın G8, G20 formatlarında nəhəng dövlətlər sırasında  təmsil olunan, BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri olan "əzəmətli" Fransanın hüquq mühafizə orqanları, təhlükəsizlik xidməti bu qədər zəifdirmi ki, günün istənilən anında Parisin mərkəzində KİV redaksiyası gülləbaran edilir? 

Qaldırılan mövzu-jurnalist təhlükəsizliyi, mediaya basqılar  bu gün də aktualdır. Fransada Dağlıq Qarabağ münaqişəsi haqqında reportajın müəllifi olan jurnalist kəskin tənqid olunur. 22 Oktyabr tarixində TF 1 kanalında  "saat 20"  verilişində Azərbaycanın cəbhə xəttindən, Dağlıq Qarabağ separatist regionunda döyüşlərin yenidən başlanmasından bəhs edən reportajın yayımından sonra, jurnalist və böyük repartyor Liseron Budul Fransanın erməni icması tərəfindən Facebook və Twitter sosial şəbəkələri üzərindən güclü nifrət dolu saysız mesajlarların hədəfinə çevrilib. Onu "genosid törədənlərin fahişəsi" kimi qələmə veriblər. Eyni zamanda,  jurnalisitin telefon nömrəsi əldə edildikdən sonra WhatsApp üzərindən də təzyiqə məruz qaldığı deyilir. Televiziya kanalı da həmçinin sistematik olaraq, sosial şəbəkələr, elektron poçt ünvanı və telefon zəngləri ilə narahat edilib.

Oktyarın əvvəli digər iki fransız jurnalisti də Dağlıq Qarabağ münaqişəsi haqqında dərc etdikləri məqalələrdən sonra internet üzərindən erməni icmasının təhdidləri ilə üzləşiblər.

"Sərhədsiz reportyorlar"-ın AI və Balkanlar bürosunun rəhbəri Pavol Szalai Liseron Budul və TF1-ə qarşı olan təzyiqləri qətiyyətlə pisləyib. Münaqişə və cəbhə xəttindən yerindəcə reportaj hazırlamış hər hansı bir jurnalisitin və medianın bununla bağlı narahat edilməsinin  qəbuledilməz olduğunu bildirib.  

Bununla yanaşı, SR təmsilçisi Fransa erməniləri təşkilatlarının kordinasiyası şurasının həmsədri Frank Papazyanı, mətbuat azadlığına qarşı işlənmiş kobud hücuma qarşı eyhamlı danışıqları pisləməyə çağırıb. Belə ki, Papazyan  Facebook üzərindən yayımlanan reportaj haqqında "dezinformasiyaya bənzəyir " fikrini yayıb. Digər şərhlərdə isə "Ola bilər ki, TF 1-in bir neçə işçisinin başı kəsildikdən sonra daha yaxşı və aydın düşünər" kimi mesajlar səsləndirilib. Reportajın yayımından sonra Fransada yaşayan erməni icması  kanalın binası qarşısında etiraz aksiyası keçiriblər. TF-1 məcbur olaraq iki ölkə arasındakı münaqişədən bəhs edən reportajı və Liseron Budulun reportajını öz saytından silib.

İndi sual yaranır: Fransa dövləti bir TV kanalın təhlükəsizliyini qoruya bilməyəcək qədər acizdirmi? Yoxsa bu da 2-li yanaşmanın bir təzahürüdür? Bəlkə TF-1 Azərbaycan həqiqətlərini göstərdiyi üçün Fransa dövləti onları  erməni terrorist şəbəkələri qarşısında köməksiz buraxıb? Fərqi yoxdur, hansı variant olur-olsun, nəticə eynidir. "TF-1" Tv  kanalı ətrafında yaşanan insident  Fransa dövlətini rəzil duruma salır.

Müşfiq Ələsgərli
Milli.Az