Düşməndən qənimət kimi götürülən tanka "Albert" adı verildi - FOTO

28 Oktyabr 2020 11:50

Azərbaycan Ordusu düşməndən qənimət kimi götürdüyü tankı təmir edərək üzərinə "Albert" yazıb.

Milli.Az yeniavaz-a istinadla xəbər verir ki, tank Milli Qəhrəman Albert Aqarunovun şərəfinə belə adlandırılıb.

Qeyd edək ki, yəhudi əsilli Albert Aqarunov Azərbaycanın Milli Qəhrəmanıdır. O, 1992-ci ildə Qarabağ müharibəsi başlayarkən könüllü olaraq cəbhəyə yollanıb, tank komandiri təyin edilib və Şuşada döyüşlərdə iştirak edib. Onun tankçı ekipajı tezliklə bütün cəbhə xəttində şöhrət qazanıb, Xankəndi, Daşaltı, Cəmilli istiqamətlərində düşmənə ağır zərbələr vurub, onlarla yaraqlını və xeyli hərbi texnikanı məhv edib. Alber Aqarunov düşmənin iki tankını bir mərmi ilə məhv edib. Bundan sonra bu zərbə döyüş yoldaşları tərəfindən "yəhudi buterbrodu" adlandırılıb. 1992-ci il mayın 8-də Şuşa şəhəri uğrunda gedən döyüşlərdə düşmənin 2 tankını və digər texnikalarını məhv edib və snayper gülləsinə tuş gələrək döyüşdə qəhrəmanlıqla həlak olub. Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib.

Milli.Az