“Windows 10X” sistemi nə vaxt buraxılacaq?

29 Oktyabr 2020 20:50

"Microsoft" korporasiyasının iki ekrana malik qurğular üçün nəzərdə tutulan əməliyyat sistemi 2021-ci ilin yazında buraxılacaq. Bu barədə jurnalist, bloger Zak Boudenin "Twitter" səhifəsində deyilir.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, "Windows 10X" əməliyyat sisteminin sonuncu beta versiyası ilin sonunadək işıq üzü görəcək. Mütəxəssis qeyd edib ki, söhbət əməliyyat sisteminin kompüterlərə quraşdırılmaq üçün hazırlanan sınaq versiyasından (Release To Manufacturers - RTM) gedir. Əməliyyat sisteminin sonuncu versiyasının 2021-ci ilin yazında təqdim ediləcəyi gözlənilir.

Yayda "Microsoft" korporasiyasının iki ekrana malik qurğular üçün nəzərdə tutulan əməliyyat sisteminin təqdimatının təxirə salınması məlum olub. Yubanma sistemin təkmilləşdirilməsi və koronavirus pandemiyası ilə izah edilib. Blogerlər bildirib ki, "Windows 10X" 2021-ci ildən tez buraxılmayacaq. Həmçinin vurğulanıb ki, əvvəlcə sistemin bir ekrana malik kompüterlər üçün versiyası nümayiş olunacaq. Əməliyyat sisteminin tərtibatçılar üçün xüsusi versiyasının nümayişi fevralda baş tutub.

Milli.Az