“Dinim sülh və sevgidir, terrora qarşıyam” - Pol Poqba

27 Oktyabr 2020 14:52

"Sun" nəşri yalan xəbər yazmaqda davam edir. Haqqımda 100 faiz əsassız olan xəbərlər dolaşır, heç vaxt demədiyim fikirlər adımdan yayımlanır.

Milli.Az apasport.az-a istinadla bildirir ki, bunu Fransa yığmasının və "Mançester Yunayted" klubunun futbolçusu Pol Poqba milli karyerasını bitirdiyi ilə bağlı "Sun" nəşrinin yaydığı məlumata münasibət bildirərkən deyib.

Fransa prezidenti Emmanuel Makronun dini ayrı-seçkiliyə yol verən açıqlamalarına görə, yığmadan getdiyi iddia edilən yarımmüdafiəçi sosial şəbəkə vasitəsilə bunu təkzib edib. 27 yaşlı orta sahə oyunçusu belə informasiyaların onu məyus etdiyini deyib: "Bəzi media mənsubları saxta başlıqlarla məni qəzəbləndirir, şoka salırlar, dinimi və Fransa yığmasını bu məsələlərə alət etməyə çalışırlar. Hər cür terrora qarşıyam. Mənim dinim sülh və sevgidir, buna hörmət edilməlidir. Təəssüf ki, bəzi media nümayəndələri xəbər yazarkən məsuliyyətlə davranmırlar, mətbuat azadlığından sui-istifadə edərək, yazdıqlarının doğruluğunu yoxlamırlar, insanların həyatlarına təsir edirlər".

Poqba "Sun" nəşrini məhkəməyə verəcəyini də əlavə edib: "Bu feyk xəbəri yayanlara qarşı qanuni tədbir görəcəyəm. Həmin nəşrdə çalışanlara səslənirəm: Yəqin ki, bəziləriniz məktəbə getmisiniz və müəlliminizin həmişə "mənbələrinizi yoxlayın, əmin olmadan yazmayın", dediyini xatırlayırsınız. Ancaq eyni səhvi təkrar edirsiniz. Bu dəfə çox ciddi mövzuda. Təəssüf".

Milli.Az