"Ermənistanda idarəçilik mexanizmi ciddi problemlə üz-üzədir"

27 Oktyabr 2020 14:30

Ermənistan dövlətinin idarəçilik mexanizmi ciddi problemlə qarşılaşıb.

Milli.Az bildirir ki, bunu Trend-ə açıqlamasında hərbi-siyasi icmalçı Ramil Məmmədli deyib.

O qeyd edib ki, dövlətin hakim komandası özünü təsdiq edə bilmir: "Buna görə də komandanın əsas aparıcı qüvvəsi olan güc strukturlarının rəhbərləri bir-birinin ardınca vəzifəsindən azad edilərək yenisi ilə əvəzlənir. Ermənistan rəhbərliyi düşünür ki, onlar bu yolla yaranmış problemi həll edə biləcəklər. Əslində isə problemin başında ümumi islahatlar və islahatların həyata keçirilməsi dayanır".

Qondarma "dqr"in "müdafiə naziri"nin vəzifəsindən azad edilməsi məsələsinə gəlincə isə ekspert bildirib ki, son məlumatlara görə, həmin şəxs artıq məhv edilib: "Ermənilər bu faktı gizlətmək istəyirlər. Ona görə də həmin şəxsin sadəcə yaralandığını deyirlər. Əslində bizim üçün belə bir vəzifəli şəxs yoxdur. Çünki Azərbaycanla döyüşə girən Ermənistan ordusudur. Bu baxımdan da qondarma ərazinin "müdafiə naziri" adlı şəxsi ola bilməz. Dağlıq Qarabağın ordusu olmadığı halda onun "müdafiə naziri" də ola bilməz".

Milli.Az