Dünyanın ən zəngin on milyarderi bir gündə 14 mlrd. dollardan çox itirib

27 Oktyabr 2020 15:53

Ötən gün dünyanın ən zəngin on adamının ümumi sərvəti 14,4 mlrd. ABŞ dolları azalıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bazar ertəsi aparılan ticarətin nəticələrinə əsasən, BBI reytinqinin ilk onluğunda yer alan milyarderlərdən yalnız ikisi sərvətini artıra bilib. Belə ki, reytinqin dördüncü sırasında qərarlaşan "Tesla2" və "SpaceX"in təsisçisi Elon Maskın sərvəti 2,88 mlrd. dollar, reytinqin lideri, "Amazon" şirkətinin təsisçisi Ceff Bezos isə sərvətini 263 mln. dollar artırıb.

Eyni zamanda, "Forbes" jurnalının məlumatına görə, dünyanın ən zəngin on adamının ümumi sərvəti bir gündə 17 mlrd. dollardan çox azalıb. Jurnal bildirir ki, reytinqin ilk onluğuna daxil milyarderlərdən yalnız Ceff Bezosun kapitalı azalmayıb. Elon Mask isə son bir gündə 66 mln. dollar itirib.

Dünya milyarderlərinin ilk onluğunda əsasən amerikalılar yer alıb və yalnız iki nəfər digər ölkələrdən olan milyarderlərdir - Hindistandan "Reliance Industries"in sahibi Mukeş Ambani və Fransa vətəndaşı olan "Louis Vuitton Moët Hennessy"nin prezidenti Bernar Arno.

Milyarderlərin sərvətinin azalması ABŞ fond bazarlarında ötən gün satışların böyük həcmi ilə izah etmək olar. Ötən gün "Dow Jones" indeksi 2,3% azalıb ki, bu da sentyabrın 3-dən ən böyük azalmadır. "S&P 500" indeksi isə son bir ayda ən böyük azalmanı yaşayıb - 1,9%. "Nasdaq" 1,6% azalıb.

Milli.Az