“Oppo” smartfonlar üçün yeni texnologiya təqdim edib

27 Oktyabr 2020 21:10

"Oppo" şirkəti naviqasiyada yerləşmənin dəqiqliyini xeyli artıran "RTK" adlı yeni texnologiya təqdim edib. Yeni alqoritm əlavə avadanlıq olmadan 1 metrədək dəqiqliyə nail olmağa imkan verir.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, şirkət "China Mobile" operatoru ilə birlikdə Çində naviqasiya sistemi texnologiyalarının tətbiqi və təkmilləşdirilməsi üzərində çalışır. Ötən il şirkət "China Mobile" ilə tərəfdaşlıq haqqında saziş imzalayaraq "5G Precise Positioning Alliance" adlı alyans yaradıb. Alyans "5G" yerləşmə sisteminin və "Beidou" peyk naviqasiya sisteminin inkişafına kömək etməyə çalışır.

Həmçinin alyans sənayenin əksər sahələrində yüksəkdəqiqlikli yerləşmə sistemlərinin gələcək inkişafına xidmət edəcək.

"RTK" texnologiyası bütün "GPS" sistemləri, mobil rabitə qüllələri və telefon daxilindəki bütün sensorların (akselerometr, antena və giroskop) məlumatlarından istifadə edir. Bundan başqa, alqoritm ətrafdakı digər qurğuların maneələrini azaltmağa kömək edir.

Hazırda 1 metrədək dəqiqlik yalnız peşəkar qurğu vasitəsilə təmin oluna bilər. 2021-ci ilin bir sıra "Oppo" qabaqcıl smartfonlarının belə dəqiqliyi təmin edə biləcəyi ehtimal olunur.

Milli.Az