Cavad xanın ölümündən 208 il ötür
4 Yanvar 2012 17:36
Milli.Az-ın Kəpəz TV kanalına istinadən verdiyi məlumata görə, övladları ilə birgə Gəncə qalasının müdafiəsi uğrunda şəhid olan sonuncu Gəncə xanının xatirəsi böyük hörmət və ehtiramla yad edilib.
1804-cü il yanvarın 4-ü həm də Gəncə xanlığının Çar Rusiyası tərəfindən işğal olunduğu gün kimi tarixə düşüb. XVIII əsrin ortalarında Qafqazda işğalçılıq siyasətini yeridən Rusiya, Gəncə xanlığının göstərdiyi müqaviməti Cavad xanın ölümünədək qıra bilməyib. General Sisianovun başçılıq etdiyi çox saylı qoşun yalnız 1804-cü il yanvarın 4-də, Ramazan bayramı günü, Cavad Xan qətlə yetirildikdən sonra Gəncəni zəbt edə bilib. O vaxtdan bu günə kimi 208 ildir ki, Cavad Xan gəncəlilərin qəlbində igidlik rəmzi kimi yaşayır.
Bildirək ki, Gəncə işğal olunduqdan sonra Sovetlər dönəmində Cavad xanın adını anmaq yasaq olunmuşdu. Ancaq xalq qəhrəmanlarını unutmur. Azərbaycan müstəqilliyini əldə etdikdən sonra Cavad xan haqqında kitablar yazıldı, film çəkildi. Qeyd edək ki, 2005-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə Gəncənin mərkəzində Cavad xanın məzarı üstündə xana layiq məqbərə inşa edilərək, Cavad xanın xatirəsi əbədiləşdirilir. Gəncəlilər qəhrəman sərkərdənin xatirəsini hər zaman böyük hörmət və ehtiramla yad ediblər.
Qeyd edək ki, yanvar ayının ikinci ongünlüyündə məqbərənin önündə yeni ssenari əsasında hazırlanan tamaşa göstəriləcək.
Milli.Az