"Rusiya vətəndaşının da öldürülməsi Ermənistanın faşizmə xidmət edən dövlət olduğunu bir daha sübut edir"

25 Oktyabr 2020 18:24

Ermənistanın uşaqlara qarşı törətmiş olduğu müharibə cinayətlərinin qurbanları sırasında oktyabrın 17-də Gəncə şəhərinə atmış olduğu raket zərbələri nəticəsində xəsarət almış, uzun müddət göstərilmiş tibbi yardımlara baxmayaraq, sonradan stasionar qaydada müalicə olunduğu xəstəxanada vəfat etmiş Rusiya vətəndaşı, 2007-ci il təvəllüdlü Mayakov Artur Vladimiroviç də olub. Bu fakt bir daha Ermənistanı tarix boyu insan hüquqlarına hörmət etməyən, etnik təmizləmə və işğalçılıq siyasətini həyata keçirən, faşizm ideologiyasına xidmət edən bir dövlət olduğunu sübut edir.

Milli.Az bildirir ki, bunu Trend-ə Ombudsman Aparatının rəhbəri, hüquq üzrə fəlsəfə doktoru Aydın Səfixanlı deyib.

Onun sözlərinə görə, Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınıb. Bu ölkəmizdə yaşayan milli, dini və etnik mənsubiyyətindən asılı olmayaraq hər bir Azərbaycanlı öz doğma vətənin azadlığı uğrunda müqəddəs mübarizəyə qoşulub:

"Təsadüfü deyildir ki, torpaqlarımızın azadlığı uğunda şəhid olan, milli qəhrəman və qazi olanlar arasında milli, dini və etnik mənsubiyyəti fərqli olan, amma Vətəni bir olan azərbaycanlılar da var. Ermənistanın 30 ildən çoxdur davam edən hərbi təcavüzü yalnız Azərbaycan ərazilərinin 20 faizinin işğal edilməsi deyil, eyni zamanda, azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırım siyasəti, bir milyondan artıq soydaşımızın öz doğma yerlərindən didərgin düşərək qaçqın və məcburi köçkünə çevrilməsi, onların insan hüquqlarının kütləvi şəkildə pozulması ilə nəticələnib. Məhz faşist ideologiyasına xidmət edən Ermənistanın Azərbaycanlılara qarşı yürütmüş olduğu etnik təmizləmə, soyqırım və terror siyasətinin qurbanları sırasında digər millətlərə, dinlərə məxsus soydaşlarımız da var".

A.Səfixanlının sözlərinə görə, təsadqfi deyildir ki, 1918-ci ildə azərbaycanlıların, daha sonra İkinci Dünya Müharibəsi zamanı yəhudilərin soyqırımında, Sovet İttifaqına qarşı döyüşən erməni legionunun yaradılmasında, arxa cəbhədə təxribatların törədilməsində bilavasitə iştirak etmiş, bu qanlı cinayətlərə rəhbərlik etmiş bir cinayətkara - Qaregin Njdeye abidə ucaltmasını, onun Ermənistanın qəhrəmanı kimi əbədiləşdirməsini Ermənistanın digər millətlərə olan münasibətini bir daha təsdiq edib.

Aparat rəhbəri qeyd edib ki, 2020-ci il 27 sentyabrdan başlayaraq Ermənistanın Azərbaycanlı mülki əhaliyə qarşı törədilən müharibə cinayətləri nəticəsində, əhalinin xüsusi qayğıya ehtiyacı olan hissəsi uşaqlar, qadınlar, ahıl yaşlı insanlar, əlilliyi olan insanlar, qaçqın və məcburi köçkünlər arasında ölən və yaralananlar olub:

"Təəsüflə qeyd etmək istərdim ki, Ermənistanın terror siyəsəti nəticəsində 10 uşaq həlak olmuş, 32 uşaq isə aralanmışdır. Bir çox uşaqlar valideynlərini itirmişlər".

A.Səfixanlı əlavə edib ki, İkinci dünya müharibəsində olduğu kimi, hazırda aparılan Vətən müharibəsində də Azərbaycan faşizmin kökünün kəsilməsində əlindən gələni əsirgəməyəcək.

Milli.Az