Rusiya tundrası son 50 il ərzində təxminən 3 dərəcə istiləşib

25 Oktyabr 2020 22:49

Rusiyalı alimlər Arktikanın Rusiyaya aid qərb hissəsində aparılan çoxillik geokrioloji monitorinqin nəticələrini açıqlayıblar. Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, nəticələrdən aydın olur ki, bu regionda orta illik temperatur 3 dərəcə çoxalıb, yağıntıların illik miqdarı 5-10 faiz artıb.

"Tipik tundra zonasında süxurların orta illik temperaturunun daha çox dəyişikliyi qeydə alınıb. Temperaturun orta artım sürəti burada ildə 0,056 dərəcəyə çatır. Bütövlükdə 1970-ci ildən bəri region üzrə havanın orta illik temperaturu təqribən 2,8 dərəcə artıb ki, bu da iqlim dəyişmələrinin "sərt" ssenarisinə yaxındır", - deyə Rusiya Elmlər Akademiyasının Sibir bölməsinin Tümen Elmi Mərkəzinin Yerin Kriosferası İnstitutunun və Tümen Dövlət Universitetinin əməkdaşı Aleksandr Vasilyev bildirib.

Mütəxəssislər müşahidə ediblər ki, orta illik temperaturun 5-10 faiz yüksəlməsi ilə yanaşı, yağıntının illik miqdarı da artıb. Alimlər tipik tundradan başqa bütün iqlim zonalarında donmuş qatın pisləşməsini də müşahidə ediblər.

"Donmuş qatın əriməsi meşə tundrası zonasında hələ 1990-cı illərin ortalarında başlayıb və yaxşı drenaj olunmuş sahələrdə hazırda 7-10 metrə çatıb", - Vasilyev şərh edir.

Bununla belə, donmuş qatın pisləşməsi bitki qatının fəal inkişafına və bioiqlim zona sərhədlərinin şimala doğru yerdəyişməsinə səbəb olur. 1975-ci ildən bəri bu yerdəyişmə 30-40 kilometr təşkil edib. Alimlər onu da müşahidə ediblər ki, iqlimin istiləşməsi təkcə ağaclıq yaşıllığının əmələ gəlməsinə deyil, həm də kolluqların olduğu ərazilərin böyüməsinə və bütövlükdə landşaftların müxtəlifliyinin bir qədər azalmasına gətirib çıxarır.

Çoxillik buzlaq süxurların mövsümi əriyən laylarında və qalın qatlarında orta illik temperaturun dinamikasının tədqiqatı müxtəlif bioiqlim zonalarında - tipik və cənub tundrasında, meşə tundrasında, şimali tayqada həyata keçirilib. Tədqiqat işləri səkkiz stasionar nöqtədə (Marre-Sale, Kumja, Vorkuta, Şimali Urenqoy, Cənubi Urenqoy, Bolvan burnu, Nadım və Tarko-Saledə) aparılıb.

Milli.Az