Vyetnamda leysan nəticəsində ölənlərin sayı 114-ə çatıb

24 Oktyabr 2020 17:07

Oktyabrın əvvəlindən Vyetnamda müşahidə olunan şiddətli yağışların törətdiyi fəsadlar nəticəsində ölənlərin sayı 114-ə çatıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, daşqın, torpaq sürüşməsi, palçıq axını nəticəsində 22 nəfər isə itkin düşüb. Vyetnamın müvafiq qurumunun açıqlamasında deyilir ki, şiddətli yağışlar əsasən Quanqtri, Thuathienhue və Quanqnam vilayətlərində fəsadlara səbəb olub. Bildirilir ki, 60 minə yaxın evə ziyan dəyib, təbii fəlakət zonalarından 200 mindən çox sakin təxliyə edilib.

Təbii fəlakət iqtisadiyyata, xüsusən kənd təsərrüfatına ciddi ziyan vurub. Belə ki, 7126 hektar əkin sahəsi yararsız hala düşüb, 700 mindən çox mal-qara və toyuq məhv olub və ya fermalardan qaçıb. Əsas magistral yollar, habelə bəzi dəmir yolu xətlərinə ziyan dəyib.

Vyetnamın Sənaye və Ticarət Nazirliyi təcrid olunan bölgələrə gündəlik tələbat mallarının təchizatını diqqətdə saxlayır. Baş Nazir Nquyen Suan Fuk təbii fəlakətin nəticələrini aradan qaldırmaq üçün dövlət büdcəsindən ilkin olaraq 500 milyard Vyetnam donqu (təxminən 23 milyon ABŞ dolları) ayrılması barədə sərəncam verib.

Qeyd edək ki, oktyabrın 5-dən Vyetnamda şiddətli yağışlar yağır. Bəzi bölgələrdə yağıntının miqdarı 2 min millimetri ötüb. Təbii fəlakətin vurduğu maddi ziyan bir neçə yüz milyon ABŞ dollarıdır.

Milli.Az