Sabunçu sakini bıçaqla qətlə yetirilib

24 Oktyabr 2020 11:21

Oktyabrın 23-də saat 09 radələrində Sabunçu rayonu, Balaxanı qəsəbə sakini 1988-ci il təvəllüdlü Məmmədov Natiq Fəxrəddin oğlunun bıçaqlanaraq öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Sabunçu rayon prokurorluğundan Milli.Az-a bildirilib ki, dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla Balaxanı qəsəbə sakini 1995-ci il təvəllüdlü Mahmudov Ülvi Vüqar oğlunun aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Natiq Məmmədovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Ülvi Mahmudov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Milli.Az