Prezident İlham Əliyev: Əgər onlar atəşkəsi pozmasaydılar bu gün toqquşmalar dayanardı, siyasi həllə üstünlük verilmiş olardı

24 Oktyabr 2020 10:37

Əgər onlar atəşkəsi pozmasaydılar bu gün toqquşmalar dayanardı, siyasi həllə üstünlük verilmiş olardı.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev Fransanın "Figaro" qəzetinə müsahibəsində deyib.

Dövlət başçısı bildirib:

"Toqquşmalar bir aydan azdır ki, davam edir və uğurlu əks-hücum nəticəsində Azərbaycan işğal olunmuş ərazilərin, şəhər və kəndlərin bir hissəsini azad edə bilmişdir. Biz hər gün azad edilmiş yeni şəhər və kəndlər haqqında məlumat veririk. Bu, asan deyil, çünki otuzillik işğal müddətində Ermənistan işğal edilmiş ərazilərdə çox möhkəm istehkamlar qurmuşdur. Odur ki, təmas xəttini keçmək asan deyildi. Lakin biz bunu etdik, müxtəlif istiqamətlərdə - şimalda, cənubda. Bu, Azərbaycan Ordusunun yüksək səviyyəli bacarığını və potensialını nümayiş etdirir. Biz Ermənistanı döyüş meydanında məğlub edirik və onlar bizdən qaçmaq məcburiyyətindədirlər. Beləliklə, biz artıq İranla beynəlxalq sərhədimizi bərpa etmişik. Bu sərhədin 130 kilometrdən çox hissəsi işğal atlında idi. Beləliklə biz döyüş meydanında çoxlu işlər görmüşük və bu, davam edir. Ermənistan atəşkəsi iki dəfə pozmuşdur. Əgər onlar atəşkəsi pozmasaydılar, - onlar birinci dəfə oktyabrın 10-da atəşkəsi kobud şəkildə pozaraq gecə vaxtı Gəncə şəhərinə ballistik raket atıblar və ikinci dəfə bunu oktyabrın 17-də ediblər, - bu gün toqquşmalar dayanardı, siyasi həllə üstünlük verilmiş olardı. Bu, bizim mövqeyimizdir. Onlar dayanmasa, biz torpaqlarımızı azad etməyə davam edəcəyik".

Milli.Az