"Yoluxma artarsa, fəsadların da sayı çox olar" - TƏBİB

23 Oktyabr 2020 14:47

COVİD-19-a yoluxmanın, itkilərimizin qarşısının alınması üçün insanlar Ümumdünya Səhiyyə Təşkilatının mövcud təlimatlarına əməl etməli, sıx toplaşmamalı və belə yerlərdən uzaq olmalı, sıx toplaşdıqları zaman isə açıq havada olsalar belə, tibbi maskadan istifadə etməlidirlər.

Bunu Trend-ə TƏBİB-in Elmi Komitəsinin sədri, Elmi Tədqiqat Profilaktika İnstutunun direktor müavini, professor Akif Qurbanov deyib.

A.Qurbanov əlavə edib ki, insanlar bizimlə bir ilə yaxın davam edən pandemiyanın bu şərtlərini unutmamalıdır.

O, Birinci vitse-prezident Mehriban Əliyevanın da dünən pandemiyaya qarşı müharibənin hələ davam etdiyini, Avropa dövlətlərinin çoxunda çoxsaylı məhdudiyyətlər yenidən qüvvəyə mindiyini söylədiyini xatırladıb:

"Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Trend-ə müsahibəsində də dediyi kimi, Azərbaycan bugünədək vaxtında və hərtərəfli düşünülmüş tədbirlər sayəsində dünyanın bir çox ölkələrinin üzləşdiyi faciəli ssenaridən xilas ola bilib. Ölkəmiz epidemiyanın ilk və olduqca təhlükəli mərhələsini ən az sayda itki ilə başa vurmuş dövlətlər sırasındadır. Mehriban Əliyeva "Mən sizin hər birinizi koronavirusun təhlükəli olduğunu unutmamağa, aylarla riayət etdiyimiz elementar qaydaları gözləməyə, məsafəyə riayət etməyə, həqiqətən real zərurət olmadığı halda insanların kütləvi şəkildə toplaşdığı yerlərə getməməyə çağırıram. Bizə yaxşı məlum olan bütün bu qaydalar yoluxma riskini azaltmağa və deməli, bizi və yaxınlarımızı xəstəlikdən qorumağa kömək edər" deyərək insanları daha məsuliyyətli olmağa çağırdı".

Direktor müavini qeyd edib ki, ölkəmizdə yoluxma sayı artsa da, aparılan tədbirlər nəticəsində xəstəliyi ağır keçirən insanların sayında artım müşahidə edilmir.

Azərbaycanda koronavirusdan ölüm səviyyəsinin az olduğunu xatırladan mütəxəssis əhalini arxayınlaşmamağa çağırıb:

"Azərbaycanda müşahidə edilən ölüm səviyyəsi digər ölkələrlə müqayisədə azdır. Amma hər şey xəstə sayına bağlıdır. Xəstə sayı çoxdursa, yoluxma artırsa, fəsadların da sayı çox olur. İnsanlar bunu nəzərə almalı, arxayınlaşmamalıdırlar".

Milli.Az