Microsoft şirkəti SpaceX ilə birlikdə kosmik peyklər əsasında bulud şəbəkə yaradacaq

24 Oktyabr 2020 08:15

Kosmik peyklər əsasında bulud şəbəkənin yaradılması üçün Microsoft şirkəti SpaceX ilə birlikdə partnyorluq müqaviləsi bağlayıb. Sözügedən layihə Microsoft-un Azure Space adlı qlobal təşəbbüsü çərçivəsində inkişaf etdiriləcək. Bu təşəbbüsün əsas məqsədi kosmik texnologiyaları şirkətlər üçün əlçatan etməkdir. Bu barədə Rusbase saytı xəbər verib. Məlumatda qeyd olunub ki, Microsoft ilə SpaceX şirkətlərinin texnologiyaları digər şirkətlərə Yer üzərindəki resurslarla etibarlı əlaqəni yaratmaq imkanını verəcək.

Buna misal olaraq məlumatların emalı mərkəzləri ilə bulud şəbəkə arasındakı əlaqəni gətirmək olar. Qlobal Starlink internet layihəsi isə bunu mümkün edə biləcək layihədir. Bununla yanaşı hər iki şirkət SpaceX-in Yer üzərindəki stansiyalarına Azure platformasının şəbəkə imkanlarını inteqrasiya etməyi də planlaşdırır. Bu isə öz növbəsində Starlink sistemindən istifadə şərtlərini genişləndirəcək. Azure Space təşəbbüsü həmçinin aşağıdakı addımların atılmasını özündə birləşdirir:

- Azure Modular DataCenter (MDC) data mərkəzinin yaradılması. Bu, daşınıla bilən avtonom rejimli məlumatların emalı mərkəzi qismində çıxış edir. Bu cür data mərkəz internet bağlantısının olmadığı yerlər də daxil olmaqla istənilən şəraitdə Azure bulud platformasının hesablama güclərini əlçatan edir.

- Azure Orbital Emulator adlı emulyasiya mühitinin yaradılması. Bu mühit öz növbəsində peyklərdən ibarət qrupun Yer kürəsinin orbitinə göndərilməsinin planlaşdırılmasını aparmağa yardımçı olacaq.

Microsoft-un məlumatlarına əsasən MDC humanitar yardım mərkəzlərindəki kritik vacib infrastrukturun dayanmadan çalışmasını təmin edə və bu kimi digər sahələrdə istifadə oluna bilər.  Peyk operatorları ilə əməkdaşlıq əsas şəbəkədə nasazlıqların yaranacağı halında ehtiyat əlaqə kanalları vasitəsilə MDC-in etibarlı və təhlükəsiz qoşulmasını təmin edəcək. Şirkət bildirib ki, Azure Orbital Emulator mühiti kosmik təşkilatlara qəliz protokolların yaradılmasını və bir-birilə əlaqəli peyklərin koordinasiya işlərini görəcək süni zəka alqoritmlərinin təlimatlandırılmasını mümkün edəcək. Bu isə öz növbəsində optimal şəbəkə əhatəsinin yaradılması üçün çox vacibdir.

Milli.Az