29 ictimai iaşə obyektində kobud qayda pozuntuları aşkarlanıb

22 Oktyabr 2020 19:24

Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə müəssisələrində keçirilən resydlər zamanı 29 müəssisədə qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb.

Agentlikdən Milli.Az-a verilən məlumata görə, Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, eləcə də koronavirus (COVID-19) yoluxmalarının artması müşahidə olunan şəhər və rayonlar (Gəncə, Şəki, Quba, Lənkəran, Şəmkir, Cəlilabad, Sabirabad) üzrə 386 ictimai iaşə obyektində 779 monitorinq keçirilib. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.

Reyd keçirilən 29 ictimai iaşə müəssisəsində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb.

Aparılan reydlər zamanı sahibkarlıq subyektlərində, əsasən, işçi heyətin və müştərilərin tibbi maskadan istifadəsinə nəzarət edilməməsi, həmçinin pandemiya dövründə ictimai iaşə müəssisələrinin qida qəbulu zallarında müştəri qəbulu zamanı adambaşına müəyyən edilən sıxlıq normalarına riayət olunmaması ilə bağlı nöqsanlar aşkarlanıb.

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, qida qəbulu zallarında oturacaqların ara məsafəsi eyni masa arxasında 1 metrdən, masalararası məsafə isə 2 metrdən az olmamalıdır. Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrində müştəri qəbulu qüvvədə olan norma və qaydalardan 2 dəfə az olmalı və müvafiq olaraq, adambaşına müəyyən edilən sahə ikiqat artırılmalıdır.

Milli.Az