"Azərbaycanı heç kim saxlaya bilməyəcək"

21 Oktyabr 2020 13:46

Oktyabrın 10-da Moskvada razılaşdırılan humanitar atəşkəs haqqında qərar gözümüzün qabağındadır və bunun nəticələri də bizə aydındır.

Bunu Milli.Az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru Əlimusa İbrahimov deyib.

O bildirib ki, Prezidentin də qeyd etdiyi kimi, ancaq baza prinsipləri əsasında danışıqlar mümkündür:

"ABŞ-ın Azərbaycan və Ermənistan XİN rəhbərlərini ora dəvət etməsində əsas məqsəd düşünürəm ki, Amerika göstərmək istəyir ki, guya bu da çalışır ki, iki tərəfi sakitləşdirsin və ya atəşkəsə nail olsun. Bununla da ABŞ görüntü yaratmaq istəyir ki, bu məsələni başlı-başına buraxmır. Bilirsiniz ki, Amerikada olan erməni lobbisi ABŞ prezidenti Trampa, dövləti idarə edən digər şəxslərə, o cümlədən Dövlət katibi Pompeoya çox ciddi təsir göstərirlər ki, onlar öz sözlərini desinlər, nəyləsə çıxış etsinlər. 

Azərbaycanın indi qarşısını ala biləcək elə bir qüvvə yoxdur

Rusiya da çox ciddi işlər görmək istəyir. Çalışır ki, nə isə etsin. Düşünürəm ki, Azərbaycanın torpaqlarını işğaldan azad etmək uğrunda başladığı mübarizəni heç kim saxlaya bilməyəcək. Bunu cənab Prezidentimiz də dəfələrlə bütün müsahibələrində dedi ki, Azərbaycan öz işğal altında olan torpaqlarını düşmən tapdağından azad edəcək və indi bunun qarşısını ala biləcək elə bir qüvvə yoxdur. Danışıqlar prosesi indiki halda hansı istiqamətdə yönələ bilər və nə ola bilər? Ancaq baza prinsipləri əsasında bu danışıqlar mümkündür. Baza prinsipinin də birinci şərtində Azərbaycanın işğal olunmuş torpaqlardan erməni qoşunlarının çıxarılması şərti yer alır. Bu gün baza prinsipinin I bəndi həll olunmadan Azərbaycan danışıqlara getməyəcək və son erməni əsgəri Azərbaycan torpağından çıxana qədər müharibə davam edəcək".

Təhməz Əsədov
Milli.Az