Xudafərinin işğaldan azad olunması Prezident İlham Əliyevin nə qədər uzaqgörən siyasətçi olduğunu bir daha göstərdi - Deputat

19 Oktyabr 2020 19:51

Azərbaycanla İran arasında çox yüksək ikitərəfli münasibətlər qurulub. Bu, təkcə bu gün üçün deyil, gələcək üçün də hesablanmış münasibətlərdir.

Milli.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin Elm və Təhsil komitəsinin sədri Bəxtiyar Əliyev deyib.

B.Əliyev bildirib ki, Cəbrayılın, Xudafərinin erməni işğalından azad olunması və İran ilə Azərbaycan arasında qarşılıqlı sazişlərə uyğun olaraq orada su anbarının və eyni zamanda su elektrik stansiyasının tikilməsi gələcəkdə bizm işğaldan azad ediləcək torpaqlarımızda insanların normal həyatını təmin etmək üçün nəzərdə tutulmuşdu:

"Hamımız 2016-cı ilin Aprel döyüşlərini yaxşı xatırlayırıq. Biz o zaman torpaqlarımızı işğaldan azad etməyə hazır idik. Amma təklif olundu ki, bu, sulh danışıqları ilə olsun, ancaq çox təəssüf ki, növbəti dəfə Minsk qrupu da, Ermənistan da bunu pozdu. Məhz 4 il əvvəl - 2016-cı ilin fevralında Tehranda imzalanmış və həmin ilin iyununda Milli Məclisdə ratifikasiya olunmuş Saziş Azərbaycanla İran arasında Araz çayı üzərində "Xudafərin" və "Qız Qalası" hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinə yol açdı. Bu, böyük planın bir hissəsi idi. Bu gün biz görürük ki, cənab Prezidentin illər əvvəl planlaşdırdığı bütün məsələlər addım-addım öz həllini tapır. Bu gün Azərbaycan İranla bu istiqamətdə sıx əməkdaşlığı davam etdirəcək və hesab edirəm ki, tezliklə bizim Qarabağımızda yeni bir həyat başlayacaq".

B.Əliyev əlavə edib ki, Xudafərinin işğaldan azad olunması da Prezident İlham Əliyevin nə qədər uzaqgörən siyasətçi olduğunu bir daha göstərdi. 4 il öncə imzalanan saziş işğalçı Ermənistanın Araz çayı üzərindəki qanunsuz fəaliyyətinin qarşısını aldı. Məsələyə bu günün reallığından, yəni həmin ərazilərin işğaldan azad olunması prizmasından baxdıqda, aydın görmək olur ki, bu addımla həm də qarşıdan gələn dövrdə həmin bölgənin sosial-iqtisadi inkişafına böyük təkan verəcək mühüm bir layihə həyata keçirildi.

Milli.Az