Bu ölkədə pandemiya ilə əlaqədar 30 günlük xüsusi vəziyyət elan edilib

19 Oktyabr 2020 18:29

Sloveniya hökuməti koronavirusa yoluxanların sayının artmasını nəzərə alaraq, ölkədə 30 günlük xüsusi vəziyyət elan edib.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Sloveniyanın Baş Naziri Yaneş Yanşa özünün rəsmi "Twitter" hesabında bildirib. Bu qərarda pandemiyaya qarşı mübarizə tədbirlərinin konkret hansı istiqamətlər üzrə sərtləşdiriləcəyi əks olunmasa da, yaxın günlərdə regional məhdudiyyətlərin tətbiq olunacağı gözlənilir.

Sloveniya Avropa İttifaqı ölkələri arasında pandemiya ilə əlaqədar ilk xüsusi vəziyyət elan edən ölkə kimi yay aylarına qədər müsbət irəliləyişlərə nail olmuşdu. Lakin son həftələrdə yoluxma səviyyəsinin artımı artıq ölkədə qismən lokdaun vəziyyətinin yaranmasına səbəb olub. Ölkənin on iki regionundan doqquzunda sakinlərə öz regionlarını tərk etməyə icazə verilmir. Eyni zamanda, oktyabrın 19-dan etibarən 6-cı sinifdən yuxarı bütün məktəblilərin "virtual məktəb" proqramı çərçivəsində məsafəli dərslərdə iştirakına dair fəaliyyət planı işə düşüb.

İndiyədək Sloveniyada 13151 nəfər koronavirusa yoluxub, ölənlərin sayı 187 nəfərdir.

Milli.Az