Ceyhun Bayramovun Avropa İttifaqının xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi ilə telefon danışığı olub

18 Oktyabr 2020 21:43

18 oktyabr 2020-ci il tarixində Xarici İşlər naziri Ceyhun Bayramovun Avropa İttifaqının xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borel ilə telefon danışığı baş tutub.

XİN-dən Milli.Az-a verilən məlumata görə, telefon danışığı zamanı tərəflər bölgədəki son vəziyyət barədə fikir mübadiləsi aparıblar.

Nazir Ceyhun Bayramov, şənbə günü, humanitar atəşkəs barədə ikinci razılığın əldə olunmasına baxmayaraq, Ermənistan silahlı qüvvələrinin Cəbrayıl rayonu istiqamətində Azərbaycan mövqelərinə hücum etdiyini, həmçinin Ermənistan-Azərbaycan dövlət sərhədində Azərbaycanın Gədəbəy və Tovuz rayonlarını atəşə tutduğunu Ali Nümayəndənin diqqətinə çatdırdı. Nazir humanitar atəşkəs rejimini pozmaqla Ermənistanın beynəlxalq hüquqa, eləcə də beynəlxalq humanitar hüquqa dair öhdəliklərinə riayət etmədiyini bir daha nümayiş etdirdiyini vurğuladı.

Ali nümayəndə Cosef Borel, Aİ-nin sözçüsünün Gəncə şəhəri ilə bağlı açıqlamasına toxundu və mülki insanları və mülki obyektləri hədəf almağın qəbuledilməz olduğunu vurğuladı. O, hər iki tərəf ilə razılaşdırılmış humanitar atəşkəsin tətbiq olunmasının vacibliyini vurğuladı və münaqişənin həlli üçün mahiyyət üzrə danışıqların zəruriliyini qeyd etdi.

Nazir Ceyhun Bayramov, Azərbaycanın Gəncə şəhərinə hücum və mülki şəxslərin hədəf alınması ilə bağlı bəyanatla çıxış etdiyi üçün Avropa İttifaqının ali nümayəndəsinə təşəkkürünü bildirdi. Nazir, bu hərbi cinayətə görə Ermənistan rəhbərliyinin məsuliyyət daşıdığını vurğuladı.

Milli.Az