ÜST: Meditasiya, müsbət ünsiyyət və sağlam qida yüksək qan təzyiqinin qarşısını alır

19 Oktyabr 2020 06:30

Dünyanın yaşlı əhalisinin təxminən 30 faizi - bir milyarddan çox insan - hipertoniyadan, yüksək qan təzyiqindən əziyyət çəkir. Bu vəziyyət, ürək-damar xəstəlikləri, insult, böyrək xəstəliyi və demensiya kimi ciddi nəticələrə gətirib çıxara bilər. Hipertoniyanın kəskinləşməsi hər il 9,4 milyon insanın ölümünə səbəb olur. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu barədə Arteriya Hipertoniyasına Qarşı Beynəlxalq Mübarizə Günü münasibətilə xatırladıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, adətən mayın 17-də qeyd edilən bu tədbir, cari ildə koronavirus pandemiyası səbəbindən oktyabrın 17-nə keçirilib.

Yaşlılar üçün normal qan təzyiqi ürəyin daralması (sistolik) zamanı 120 mm civə sütunu səviyyəsində, ürəyin rahatlandığı (diastolik) vaxtda isə 80 mm civə sütunu səviyyəsində təyin edilir. Qan təzyiqi sistolik göstərici 140 mm, diastolik göstərici isə 90 civə sütunu səviyyəsindən çox olduqda qan təzyiqi yüksək hesab olunur.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, hipertoniyalı insanların əksəriyyətində bu xəstəlik adətən özünü heç bir simptomla büruzə vermir və buna görə də o "səssiz qatil" adlandırılır. Bəzən hipertoniya başağrısı, təngnəfəslik, başgicəllənmə, sinə ağrısı və ürəyin tez-tez döyünməsinə səbəb olur.

ÜST qeyd edir ki, bütün yaşlılar qan təzyiqlərini nəzarətdə saxlamalıdırlar. Bunun üçün ilk növbədə onu mütəmadi olaraq ölçmək lazımdır. Qan təzyiqi qalxdığı təqdirdə həkimə müraciət etməli və bütün tibbi göstərişlərə riayət olunmalıdır.

Mütəxəssislərin fikrincə hipertoniya riskinin qarşısının alınması və azaldılması üçün beş sadə addım atılmalıdır:

- sağlam pəhriz prinsiplərinə riayət olunmalı, duzlu və yağlı, ilk növbədə, çox yağlı olan yeməklərdən az istifadə etməli;

- alkoqollu içkilərin həddindən artıq istifadəsindən imtina edilməli;

- fiziki cəhətdən aktiv olmalı və normal çəki saxlamalı;

- tütündən istifadədən imtina edilməli;

- meditasiyalar, fiziki məşqlər və müsbət ünsiyyət vasitəsi də daxil olmaqla stressi nəzarətdə saxlamalı.

Milli.Az