İran İraq banklarında qalan 5 milyard dollarını geri alıb

19 Oktyabr 2020 02:30

İran İraq banklarında "dondurulan" 5 milyard ABŞ dollarını geri alıb və istifadə edir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri jurnalistlərə İranın Mərkəzi Bankının sədri Əbdülnəsir Himməti deyib. O bildirib ki, digər ölkələrin banklarında qalan pulların da geri alınması istiqamətində işlər həyata keçirilir.

İrana qarşı tətbiq olunan sanksiyalar nəticəsində Koreya Respublikasının banklarında İrana məxsus 8 milyard dollar vəsait də "dondurulub". Danışıqlara baxmayaraq, rəsmi Seul hələlik İranın aktivlərini qaytarmağa tələsmir.

Məsələnin mahiyyəti ondan ibarətdir ki, Koreya hökuməti İranın pullarını qaytarmaqdan da imtina etmir. Lakin sanksiyalara istinad edərək aktivlərin qaytarmaq imkanına malik olmadığını deyir. Hazırda iki dövlətin müvafiq qurumları arasında danışıqlar aparılır.

Xatırladaq ki, dünyanın bir sıra dövlətlərində o, cümlədən ABŞ-da da İrana məxsus aktivlər "dondurulub". Halbuki, hazırda İranın bu aktivlərə böyük ehtiyacı var.

Milli.Az