Konstitusiya Məhkəməsi bütün dünya ölkələrinın konstitusiya ədalət mühakiməsi orqanlarına müraciət edib

17 Oktyabr 2020 20:38

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi bütün dünya ölkələrinın konstitusiya ədalət mühakiməsi orqanlarına müraciət ünvanlayıb.

Bu barədə Milli.Az-a Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən bildirilib.

Müraciətdə deyilir: "Azərbaycan Respublikasının Silahlı Qüvvələri ölkəmizin beynəlxalq səviyyədə tanınmış dövlət sərhədləri daxilində ərazi bütövlüyünün bərpasını təmin etmək, Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağı və yeddi ətraf rayonu azad etmək məqsədilə Azərbaycan ərazisində hərbi əməliyyatlar keçirir.

Azərbaycan Ordusunun uğurlu əməliyyatları nəticəsində son həftələr ərzində bir sıra şəhər və yaşayış məntəqələri işğaldan azad edilib. Hərbi əməliyyatlar beynəlxalq humanitar hüququn tələblərinə tam uyğun olaraq aparılır. Azad edilmiş ərazilərin yerli əhalisinə hər cür yardım göstərilir. Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunun əsir düşmüş əsgərləri ilə Cenevrə Konvensiyalarının normalarına və əlavə protokollarına uyğun davranır.

Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində məğlubiyyətə uğradığını anlayan Ermənistanın hərbi-siyasi rəhbərliyi qarşıdurmanın coğrafiyasını genişləndirmək məqsədilə müharibə bölgəsindən 60-100 kilometr məsafədə yerləşən Azərbaycan şəhərlərinə zərbələr endirməyə qərar verib. Son bir neçə gündə Azərbaycanın Gəncə, Mingəçevir, Tərtər, Bərdə, Ağcabədi və digər şəhər və rayonlarındakı mülki obyektlər, yaşayış binaları Ermənistan ərazisindən raket atəşinə məruz qalıb.

Erməni tərəfinin təcavüzü çoxsaylı mülki şəxslərin ölümü ilə nəticələnib. Sentyabrın 27-dən oktyabrın 17-dək 60 mülki şəxs həlak olub, 271 nəfər yaralanıb. Ölənlər və yaralananlar arasında qadınlar, uşaqlar və qocalar var. Mülki infrastruktura ciddi ziyan dəyib.

Bu hücumlar Ermənistan hökumətinin mülki əhaliyə qarşı apardığı terror və faşist siyasətinin növbəti təzahürüdür. Beynəlxalq ictimaiyyət Ermənistan rəhbərliyinin Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi cinayətlərə görə beynəlxalq hüquqi məsuliyyətini müəyyənləşdirib tədbirlər görməlidir.

Biz dünyanın bütün konstitusiya nəzarəti orqanlarını, eləcə də bütün beynəlxalq təşkilatları Ermənistanın hərbi-siyasi rəhbərliyinin müharibə cinayətlərini qınamağa çağırırıq. Bəşəriyyətə qarşı yönələn bu cinayətlər haqqında məlumat dünya ictimaiyyətinin diqqətinə çatdırılmalıdır.

Mütərəqqi beynəlxalq ictimaiyyət Ermənistan rəhbərliyinin faşizm və terror siyasətinə açıq şəkildə "YOX" deməlidir".

Milli.Az