Düşmənin xüsusi təyinatlı polis dəstəsi də döyüş mövqelərini qoyub qaçıb - Müdafiə Nazirliyi

17 Oktyabr 2020 10:10

Oktyabrın 16-ı gün ərzində və 17-ə keçən gecə cəbhənin Ağdərə-Ağdam və Füzuli- Hadrut-Cəbrayıl istiqamətlərində əməliyyat şəraiti gərgin olaraq qalıb.

Müdafiə Nazirlyindən Milli.Az-a verilən məlumata görə, qoşunlarımız düşmənin əvvəlcədən hazırlanmış müdafiə hədlərini müxtəlif istiqamətlərdə yarmağa, onu tutduğu mövqelərdən sıxışdıraraq çıxarmağa, qaçmağa məcbur etməyə və irəliləməyə nail olub.

Əldə olunan məlumata əsasən, Ermənistan silahlı qüvvələrinin 1-ci motoatıcı alayının müdafiə zolağında ehtiyatdan çağırılmış 300 nəfərədək hərbi vəzifəli döyüş mövqelərini özbaşına tərk edərək geri çəkilib. Hərbi vəzifəlilərin də arasında çoxlu sayda ölən və yaralanan var. Gücləndirmə məqsədilə alaya təhkim edilmiş xüsusi təyinatlı polis dəstəsinin üzvləri də döyüş mövqelərini tərk edərək qaçıb. Alayın bölmələrində ərzaq və döyüş sursatının çatışmazlığı müşahidə edilir.

Düşmən bölmələrində şəxsi heyətin yorğun və ümidsiz olması səbəbindən zabitlərə tabe olmama, həmçinin qorxu və təşvişə düşərək döyüşə girməkdən imtina etmə halları qeydə alınıb.

Qoşunlarımız bütün cəbhə boyu düşmənə dəqiq atəşlə zərər vurmaqla əməliyyat üstünlüyünü saxlayır.

Milli.Az