Ermənilər bütün şanslarını itirdilər - Xainlik onlara baha başa gəldi

17 Oktyabr 2020 13:16

Ötən gecə Gəncəyə daha bir xain hücum edilib. Ermənilərin atdığı "Elbrus" raketi Gəncəyə, 20 ailənin yaşadığı əraziyə düşüb. Hücum nəticəsində 13 nəfər ölüb, 52-dən çox insan yaralanıb. Xəsarət alanlar arasında azyaşlılar çoxluq təşkil edir.

Onlar daha çox itkiyə səbəb olmaq məqsədilə hücum üçün növbəti dəfə gecəyarısını, hər kəsin evində olduğu, yatdığı vaxtı seçiblər. İllər əvvəl Xocalı qətliamı törədən düşmən bu dəfə də gözünü belə qırpmadan uşaqları, qadınları, qocaları, bir sözlə dinc əhalini hədəf alıb.

Ermənilərin məqsədi aydındır. Onlar Azərbaycanı təxribata çəkərək müharibənin miqyasını genişləndirmək, başqa dövlətləri, xüsusən də Rusiyanı münaqişəyə cəlb etmək istəyirlər. Naxçıvana hücumla Azərbaycandan istədiyini ala bilməyən ermənilər xain planlarını davam etdiriblər. Onların Mingəçeviri vurmaq cəhdləri boşa çıxsa da, Gəncədə terror aktı törədiblər.

Ermənistanın mülki əhalini hədəf almaqda digər məqsədi azərbaycanlıların mübarizə əzmini qırmaq, əhval-ruhiyyəni aşağı salaraq döyüş ruhuna təsir etməkdir. Halbuki, onlar, əksinə bizim daha da gücləndiyimizin, daha çox insanın cəbhədə döyüşmək üçün könüllü kimi səfərbərlik xidmətinə müraciət etdiyinin fərqində deyillər. Hətta 11 oktyabrda törədilən Gəncə terrorunda yaralanan azyaşlı Bəxtiyarın üzündəki gülüş də bunun sübutudur.

Dəfələrlə konfranslarda, müsahibələrdə ələ salınan, gülüş obyekti olan Paşinyan hirsini bu kimi yollarla çıxmağa çalışır, hərbi cinayətlər törədir, dinc əhalini qırmaq üçün insanlığa sığmayan qərarlar verir. O, işğal etdikləri torpaqları itirməmək üçün bütün vasitələrə əl atır, hətta, ən xain planlarını həyata keçirir. Dinc əhalini öldürdüyünə görə digər dövlətlər tərəfindən qınandığını gördükdə isə hərəkətlərini danır. Prezidentin köməkçisi Hikmət Hacıyevin də dediyi kimi Ermənistan XİN alçaqcasına bu hərbi cinayətlərə görə dövlət məsuliyyətini inkar etməyə çalışır.

Hər fürsətdə Azərbaycanı təxribata çəkən ermənilər bu hücumla növbəti dəfə nə qədər xain, hiyləgər olduqlarını sübut etdilər. Ermənilər bu kimi hücumları ilə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi şanslarını da itirirlər. İllər sonra Xocalı faciəsinin bənzərini yaşadan düşmən onlara nifrəti birə-min artırır, insani hislərə sahib olmadıqlarını hər dəfə göstərirlər.

Döyüş itkisiz, müharibə zərərsiz olmur. Düşmənin cavabı ordumuz tərəfindən layiqincə verilir və veriləcək. Terror nəticəsində uşağını, valideynlərini, yaxın adamlarını itirənlərin qisası ən qısa zamanda döyüş meydanında alınacaq. Bu, onların itirdiklərini geri gətirməsə də, ölənlərin qanları yerdə qalmış olmayacaq.

Bəxtiyar Umarlı
Milli.Az