Prezident İlham Əliyev: Əslində de-fakto Türkiyə artıq masadadır və bu, reallıqdır

16 Oktyabr 2020 21:17

Əslində de-fakto Türkiyə artıq masadadır. Mən bunu söyləmişəm. Bu, reallıqdır. Bu gün Türkiyə digər bölgədə yerləşən ölkələrlə bu məsələni danışır, müzakirə edir. Siz də bilirsiniz, Rusiya və Türkiyə prezidentləri arasında telefon danışığı olub. Xarici işlər nazirlərinin, müdafiə nazirlərinin danışıqları olub. Eyni zamanda, iranlı və digər ölkələrdəki həmkarları ilə Türkiyənin yüksək vəzifəli şəxslərinin əlaqələri olub. Ona görə Türkiyə de-fakto buradadır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Prezident İlham Əliyev bu barədə Türkiyənin "A Haber" televiziya kanalına müsahibəsində deyib.

"Sadəcə olaraq, Minsk qrupu 1992-ci ildə təşkil olunduğu üçün, - onsuz da Türkiyə Minsk qrupunun üzvüdür, - o zaman bilmirəm hansısa səbəblərə görə həmsədr olmadı. Yəni, biz çox istərdik ki, bəri başdan Türkiyə həmsədr olsun. Ancaq o zaman Türkiyə özü bunu etmədi. Özü istəsəydi, məncə olardı. Çünki ona görə mən deyirəm, bugünkü Ərdoğan Türkiyəsi ilə o Türkiyə arasında böyük fərq var. Əgər həmsədr olsaydı, o zaman təbii ki, bu məsələ çoxdan həll olunardı. Ona görə biz deyirik ki, Türkiyəsiz bu məsələ həll olunmaz. Mən demirəm ki, Minsk qrupu artıq tarixdə qalsın. Yox, qoy onlar da çalışsınlar. Halbuki 30 il ərzində bir nəticəyə gəlmədilər. Amma Türkiyəni bu prosesdən kənardan saxlamaq həm düzgün deyil, həm də ki, mümkün deyil", - deyə Azərbaycan Prezidenti vurğulayıb.

Milli.Az