Dünya səviyyəli diplomat və lider Əliyev - miskin və yarımçıq jurnalist Paşinyan

16 Oktyabr 2020 20:41

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan RİA Novosti agentliyinə müsahibə veriblər. Müsahibə zamanı hər iki ölkə rəhbərlərinə eyni suallar verilib və eyni cavab imkanları yaradılsa da nəticə isə tamamilə fərqli, əslində uçurum qədər dərin olub.

Belə ki, dünya ictimiyyəti yenidən bir tərəfdə müasir və güclü Azərbaycanı quran qalib lider, siyasətin nəzəriyyəsinə və praktikasına hakim olan bir diplomat və siyasətçi gördüsə, digər tərəfdə öz ölkəsini fəlakətə sürükləyən yalançı, avantürist, siyasətə təsadüf nəticəsində gəlmiş bir insanın şahidi oldu.

İlk sualda sentyabrın 27-dən başlayan hərbi əməliyyatlar, itkilər, əsir düşənlərin sayı, ümumilikdə vəziyyətin dəyərləndirilməsinə cavab axtarılırdısa, bu dəfə də Prezident İlham Əliyev cavabında öncə hərbi əməliyyatların başlama səbəbləri barədə dolğun, hərtərəfli faktoloji bazası bütöv və tam olan məlumat verir, Ermənistanın dinc əhaliyə qarşı müharibə apardığını faktlar əsasında göstərir, Azərbaycan Ordusunun uğurları barədə danışır və ölkənin ərazi bütövlüyünün bərpa olunması istiqamətində əməliyyatların davam etdiyini deyirdi. İtkilərə gəldikdə isə real statistikaya əsaslanaraq dinc əhalinin sayını təqdim edir və hərbçilər arasında itkilər barədə hərbi əməliyyatların qızğın fazası bitdikdən sonra məlumat veriləcəyini açıq və aydın şəkildə diqqətə çatdırırdı.

Baş nazir Nikol Paşinyana sual verilir, mahiyyəti üzrə cavab alınmadığına görə sual bir daha izah formasında verilirdi. Aydın faktdır ki, Paşinyan siyasətdən uzaqdır, lakin burada məlum olur ki, ümumilikdə Paşinyanın anlama qabiliyyətində də ciddi qüsurlar mövcuddur. Aydın görünür ki, Paşinyan baş verənləri ayıq-sayıq qiymətləndirmək, təhlil etmək və auditoriyaya öz fikrini çatdırmaqda çətinlik çəkir. Cavabına gəldikdə isə məlum olur ki, həlak olanlar çoxdur.

İlham Əliyev hər zaman olduğu kimi, xalqının iradəsini diqqətə çatdırır, öz ölkəsinin mövqeyini aydın şəkildə ifadə edir, Ermənistanın təxribatlarını, mülki şəxslərə qarşı müharibə aparıldığını göstərir və özünə güvənən, fikirlərinin həqiqiliyindən əmin olan, qəti mövqe ortaya qoyan qalib lider kimi danışır. Paşinyan isə fikri dağınıq, sualı başa düşməyən, mövcud vəziyyəti ayıq qiymətləndirmək imkanından məhrum olmuş, sanki təzyiq altında olan, nəinki sualın cavabını bilməyən, ümumilikdə gedişatdan xəbərsiz olan tələbə təəssüratı bağışlayır.

Növbəti sual erməni xəbər maşının istehsal etdiyi, lakin bu günə qədər də heç bir bəhrə verməyən feyk-nyus, yəni müxtəlif istiqamətlərdən Suriya və Liviyadan Azərbaycan Ordusunun tərəfində muzdluların iştirakı barədə idi. İlham Əliyev haqlı olaraq Azərbaycan ordusunun böyük potensiala malik olduğunu bildirir və bu potensialı dəfələrlə artırmaq imkanını diqqətə çatdırır. Ermənistanın yerlə bir olmuş və dağıdılmış hərbi texnikasının nümunəsində tam məntiqli şəkildə izah edir ki, muzdlular bunu etmək üçün heç bir kvalikasiya və texniki imkanlara malik deyillər. Azərbaycan hər zaman terrora və terrorçuluğa qarşı ilk sıralarda mübarizə aparan dövlətdir və terrorçuların ölkə və qonşular üçün təhlükə yaratmasına qəti olaraq imkan verə bilməz. Bu günə kimi heç kim Azərbaycan tərəfindən muzdluların iştirakına dair heç bir fakt təqdim etməyib, çünki Azərbaycanda heç bir muzdlu yoxdur. Ermənistanın baş naziri Azərbaycan Ordusunda muzdluların iştirakı ilə bağlı heç bir fakt təqdim edə bilmir, xarici mediada ümumi sözlərdən ibarət materialları və fake məlumatları buna əsas kimi göstərir. Bütün bu yalanlarla özünü biabır etməsi az deyilmiş kimi, avantüra xarakterli cavabında Paşinyan yeni yalana əl atır və Türkiyənin, hətta Pakistanın hərbi əməliyyatlarda iştirakı barədə iddialar irəli sürür, Türkiyə amilini artıq "sübut olunmuş fakt" kimi təqdim edir. Nə qədər gülünc görünsə də, baş nazir müharibənin başlama səbəbini onunla izah etməyə çalışır ki, guya Azərbaycan Ordusu Dağlıq Qarabağdakı silahlı birləşmələrə qarşı vuruşmağa qadir olmadığına görə, Türkiyə müharibəyə başlamaq barədə qərar verib.

Aydındır ki, həm ölkə ictimaiyyəti, həm də beynəlxalq aləm qarşısında məğlubiyyətini əsaslandırmaq, özünə xal qazandırmaq üçün Paşinyan Dağlıq Qarabağdakı qondarma rejimin Türkiyə ilə qarşı-qarşıya olduğunu isbat etməyə çalışır. Yəni, Azərbaycanın uzun illərdir Dağlıq Qarabağdakı qondarma rejimlə deyil, Ermənistanla qarşı-qarşıya durduğu barədə dünyaya bəyan etdiyi həqiqəti çox bəsit şəkildə "Ermənistan-Dağlıq Qarabağ tandemi Türkiyəyə qarşı" fantaziyası ilə əvəzləməyə cəhd göstərir.

Bundan əlavə, Paşinyan guya Türkiyədən gələn yaraqlıların artıq Dağıstanda göründüyünü və məhv edildiyini deyir, bu amili suriyalı yaraqlıların Azərbaycan tərəfindən münaqişədə iştirakı ilə əlaqələndirir və qarşıdurmanın coğrafiyasının genişləndiyi, onun regional xarakter aldığı iddiası ilə Rusiyanın üzərinə yük qoymaq istəyir, rəsmi Moskvaya nə etməli olduğu barədə mesaj verməyə çalışır. Nə qədər gülməli və rəzil görünür deyilmi? Əslində isə bu insan anlamır ki, bu cür hərəkətlərlə o tək özünü yox, təmsil etdiyi xalqı da biabır və rüsvay edir.

Paşinyanın cavabı, heç bir dəlil və sübut tapa bilmədiyinə görə icrası çətin olan sifarişi yerinə yetirmək üçün məhdud və mümkünsüz fantaziyasını işə salmış orta statistik jurnalistin yazdığı cızmaqaraya bənzəyir. Görünür, Paşinyan təkcə baş tutmamış baş nazir, siyasətçi deyil, həm də yarımçıq jurnalistdir. O, jurnalist məqaləsini diplomatik nitqdən fərqləndirə bilmir, hesab edir ki, daxili auditoriyaya ötürdüyü yalanları həm də bütün dünyaya sırıya bilər. Siyasi savadı, idarəçilik təcrübəsi olmayan, məhdud dünyagörüşlü Paşinyan həqiqətən də hesab edir ki, daxildə istifadə etdiyi yalanları nöqtə-vergülünə toxunmadan beynəlxalq auditoriya qarşısında səsləndirərək Ermənistanın işğalçı siyasətini hədəfdən yayındıra bilər. Bütün dünya erməni terroru haqda geniş məlumata malik olduğu, məhz Ermənistanın terrorçuların, yaraqlıların xidmətlərindən istifadə etdiyi və Azərbaycanın 30 ildir Ermənistanın işğalçı siyasətindən əziyyət çəkdiyini bildiyi halda, Paşinyan bəsit şəkildə 30 illik Azərbaycan həqiqətini elə Azərbaycanın özünə qarşı çevirməyə çalışır.

Siyasətdə bədən dili hər zaman önəmli amildir. Bu da təsadüfən yaranmır. Bir liderin hərəkətləri, jestləri, mimikasında olan əminlik onun haqlı mövqeyindən, siyasi tarixə bələd olmasından və ən əsası da bir şəxsiyyət kimi bütövlüyündən xəbər verir. Bu günə kimi reallaşan müsahibələrdə istər Rusiya auditoriyasında, istərsə də bütün dünyada İlham Əliyevin hərəkətlərində, mimikasında olan əminlik bir tərəfdə onun münaqişənin tarixinə, mahiyyətində bələd olmasından xəbər verirsə, digər tərəfdə isə onun simasında haqlı olaraq özünə güvənən, təcrübəli, gözəl nitq qabiliyyətinə malik, fikirlərini yüksək səviyyədə, məntiqi ardıcıllıqla çatdıran, izah edən və hərəkətlərinin düzgünlüyünə əmin olan dünya səviyyəli lider görür.

Müsahibənin digər tərəfində isə Azərbaycanın Ali Baş Komandanının təmkini, savadı, qətiyyəti qarşısında özünü itirmiş, fikirlərini normal izah edə bilməyən, zəif mövqe və məhdud potensial səbəbindən həqiqəti adekvat qiymətləndirmək əvəzinə avantürist fərziyyələr və uydurmalar səsləndirən, hələ də yarımçıq jurnalistikadan siyasətə keçə bilməyən, cılız və miskin Paşinyan görür.

Şəbnəm Həsənova

Politoloq

Milli.Az