Soydaşlarımız Ankarada Fransa səfirliyinin qarşısında aksiya keçirib - FOTO

16 Oktyabr 2020 18:33

Türkiyədə yaşayan soydaşlarımız Ermənistanın ölkəmizə qarşı terroruna etiraz əlaməti olaraq aksiya keçirib. Aksiya paytaxt Ankarada Fransa Respublikasının Türkiyədəki səfirliyinin qarşısında "Ermənistan - Qarabağı, Fransa - ATƏT-i tərk et!" şüarı ilə təşkil edilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Milli.Az-a verilən məlumata görə, Türkiyə Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) təşəbbüsü ilə təşkil edilən tədbirdə Ankarada yaşayan azərbaycanlılar və yerli ictimaiyyətin nümayəndələri iştirakı ediblər.

İştirakçılar fransız, ingilis, türk və Azərbaycan dillərində "Qarabağ Azərbaycandır!", "Azərbaycan sülh istəyir!", "Azərbaycan ədalət tələb edir!", "Mülki insanlar toxunulmazdır!" "Erməni terrorçuluğuna son qoyun!", "Uşaq ölümünə son qoyun!" kimi şüarlar səsləndirərək ermənilərin ölkəmizə qarşı apardığı etnik təmizləmə və işğalçılıq siyasəti ilə bağlı faktları diqqətə çatdırıb, münaqişənin nizamlanmasında Minsk Qrupunun həmsədri kimi Fransanı ədalətli mövqe nümayiş etdirməyə çağırıblar.

Aksiyada Ermənistan silahlı qüvvələrinin cəbhə bölgəsindən kənarda yerləşən Gəncə şəhərini və digər yaşayış məntəqələrini raket atəşinə tutması nəticəsində mülki əhalinin, azyaşlı uşaqların və qadınların həlak olmasına, mülki obyektlərin dağıdılmasına kəskin etiraz edilib.

Sonda Ankaradakı Fransa səfirliyinə ünvanlanmış bəyanat qəbul edilib.

Qeyd edək ki, humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan ordusu 11 oktyabr 2020-ci il tarixində gecə saat 2.00 radələrində Azərbaycanın cəbhə zonasından kənarda yerləşən, ikinci böyük şəhəri olan Gəncəni növbəti dəfə raket atəşinə tutub. İşğalçı Ermənistan ordusunun raket zərbələri nəticəsində Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binaları dağılıb, 4-ü qadın olmaqla 10 nəfər həlak olub, 16-sı qadın, 6-sı azyaşlı uşaq olmaqla, 35 nəfər yaralanıb.

Milli.Az