Soyuq ayaqlar hansı xəstəlikdən xəbər verir?

18 Oktyabr 2020 16:34

Soyuq ayaqlar damar və əsəb xəstəliklərinin göstəricisi ola bilər.

Milli.Az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, bu barədə həkim-nevroloq İrina Lyaskina Rusiyanın Beşinci kanalına müsahibəsində bildirib.

O qeyd edib ki, əgər bu hal soyuq suda çiməndən və ya uzun müddət şaxtada qalandan sonra baş vermirsə, mütləq həkimə müraciət etmək lazımdır.

"Ayaqların soyuq olması Reyno xəstəliyi, müxtəlif mənşəli, məsələn, şəkərli diabet, həddindən artıq spirtli içki qəbulu, ağır metallarla xroniki intoksikasiya nəticəsində böyrəyin və qaraciyərin zədələnməsi kimi polinevropatiyaların təzahürü ola bilər", - deyə mütəxəssis bildirib.

Həkim xəstəliyin profilaktikası üçün düzgün geyim və ayaqqabı seçməyi məsləhət görür: "Dar, süni materialdan hazırlanmış ayaqqabı geyinməyin. Eyni zamanda səhər kontrastlı duş almaq, axşam yatmamışdan əvvəl isə dəniz duzu ilə ilıq vanna qəbul etmək lazımdır".

İ.Lyaskina zülalla zəngin qidalar qəbul etməyi, xüsusilə də toyuq əti, paxlalı bitkilərə üstünlük verməyi, həmçinin meyvə-tərəvəz yeməyi, ilin soyuq aylarında vitamin içməyi məsləhət görür.

Qeyd edək ki, Reyno xəstəliyi - damarların spazması, aşağı və yuxarı ətrafların, burun, çənə və qulaqların qanla təchizatının pozulması nəticəsində kiçik qan damarlarının düşdüyü xüsusi patoloji vəziyyətidir. Polinevropatiya isə periferik əsəb sisteminin pozulmasıdır.

Milli.Az