“Save Nizami Ganjavi City” kampaniyası başladılıb - FOTO

16 Oktyabr 2020 18:15

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşəbbüsü ilə başladılan "Save Nizami Ganjavi City! - Nizami Gəncəvinin şəhərini qoruyaq!" kampaniyası çərçivəsində Gəncəyə səfər edən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri öncə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Gəncə şəhər İcra Hakimiyyətindən Milli.Az-a verilən məlumata görə, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin direktoru Elnur Əliyevin və Mərkəzin direktor müavini Rəfi Quliyevin iştirakı ilə mətbuat konfransı keçirilib.

KİV nümayəndələri qarşısında çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov qeyd edib ki, məlum olduğu kimi 4 oktyabr 2020-ci il tarixindən başlayaraq Gəncə davamlı şəkildə raket atəşinə tutulur. Bunun nəticəsində indiyədək 11 mülki şəxs həlak olub, 70-dən çox dinc sakin yaralanıb. 92 mənzil tamamilə dağılıb, 200-dək mənzil və fərdi yaşayış evinə, həmçinin 100-lərlə obyektə ziyan dəyib. Qeyd edilənlərlə yanaşı raket zərbələri nəticəsində məktəbəqədər və orta təhsil müəssisələri, ölkə və yerli əhəmiyyətli tarixi abidələr, mədəniyyət obyektləri, habelə dini məbədlər də ziyan görüblər.

Niyazi Bayramov bildirib ki, Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən ilkin müraciətləri əsasında evləri tamamilə dağıdılmış 76 ailə müvəqqəti olaraq kirayə evlərdə yerləşdirilib, digər ailələrin yaşayış sahəsi ilə müvəqqəti təmin edilməsi istiqamətində işlər aparılır. Belə ki, 10 ailə öz təşəbbüsü ilə qohumlarının evlərinə sığınıb ki, onların da kirayə mənzillərlə təmin edilməsi istiqamətində son tamamlanma işləri gedir. Bununla yanaşı, həmin sakinlər istəkləri üzrə gündəlik tələbat malları, eləcə də geyimlərlə təmin olunurlar.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin direktoru Elnur Əliyev çıxış edərək, Mərkəz üzvləri tərəfindən dünya liderləri, BMT və digər beynəlxalq təşkilatlara "Nizami Gəncəvinin dogma şəhərini qoruyaq! Erməni terroruna yox deyək!" devizi ilə çağırış ediləcəyini diqqətə çatdırıb.

O qeyd edib ki, çağırış, Nizami Gəncəvinin doğma yurdunun erməni təcavüzündən qorunması, Gəncə şəhərində yaşayan dinc əhaliyə qarşı törədilmiş müharibə cinayətlərinin dayandırılmasının təmin edilməsi məqsədi daşıyır: "Biz mülki əhalinin hədəf alınmasını birmənalı şəkildə qınayırıq. Gəncə Azərbaycanın sülhsevər şairlərinin, mütəfəkkirlərinin və filosoflarının yetişdiyi mədəni mərkəzdir. Burada, yaşı minilliklərlə ölçülən 195 daşınmaz tarix və mədəniyyət abidəsi yerləşir. O abidələrin bir qismi yalnız yerli və Respublika əhəmiyyətli olmayıb, ümumən dünya mədəni irsinin incisi sayılır. Bir millətin mədəni irsinin hədəfə alınmasına heç bir şəkildə haqq qazandırmaq mümkün deyil. Biz, Nizami Gəncəvinin ölməz bəşəri çağırışlarına sayğı duyan dostlar olaraq, erməni vandal əməllərini qətiyyətlə pisləyirik. Birləşmiş Millətlər Təşkilatına (BMT) və YUNESKO-ya öz öhdəliklərini nümayiş etdirmələri üçün müraciət edəcəyik. Müraciət edəcəyik ki, bəşəriyyətin mədəni irsini xilas etmək üçün ən qısa zamanda müdaxilə edilsin, Ermənistanın Azərbaycana qarşı olan təcavüzü dayandırılsın".

Elnur Əliyevin sözlərinə görə çağırış qısa zamanda beynəlxalq təşkilatlara təqdim olunacaq.

Mətbuat konfransı zamanı KİV nümayəndələrini maraqlandıran suallar da cavablandırılıb.

Gəncəyə səfər çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri Ermənistan Silahlı Qüvvələrinin törətdiyi hərbi təcavüz nəticəsində dağılan yaşayış binalarının olduğu ərazilərə baş çəkib, terror qurbanlarının xatirəsini anıblar. Erməni terroru nəticəsində ailə üzvlərini və yaxınlarını itirmiş insanlarla görüşlərin keçirilməsi də nəzərdə tutulur.

Milli.Az