Cəbhədə əsgərlərimizə dəstək olmaq istəyənlər BUNU BİLMƏLİDİRLƏR - XƏBƏRDARLIQ

16 Oktyabr 2020 15:52

"Bir tərəfdən COVİD-lə mübarizə aparırıq, bir tərəfdən də hərbi vəziyyətdəyik".

Bunu Milli.Az-a açıqlamasında Pandemiya Xəstəxanasının koordinatoru, infeksionist Vüsalə Yaşar deyib.

İnfeksionist qeyd edib ki, hazırda gündəlik yoluxma sayında təqdim edilən rəqəmlər COVİD-ə yoluxanların real sayından çox aşağı rəqəmlərdir:

"Hər ikisi də təhlükəli düşməndir. Sadəcə biz birinin qarşısını əslində çox rahat şəkildə ala bilirik. Sadəcə bir müddət yoluxma sayı azaldı, havalar isti idi, təmas o qədər yaxın deyildi, insanlar arxayınlaşdılar. Amma bunu bir neçə dəfə demişdik ki, payızda yoluxma sayının artacağı gözlənilir, insanların sıx təması artacaq, artıq qapalı məkanlarda toplaşmalar başlayacaq və s. Bu da özünü göstərməyə başladı. Həm hazırda yuxarı tənəffüs yollarının digər infeksiyaları yayılır, həm qrip yayılır, burada peyvəndi də vurğulamaq istəyirəm ki, ən azından ondan peyvənd olunub qorunmaq mümkündür, indi tam zamanıdır. Digər tərəfdən də əlamətlər o qədər bir-birinə bənzəyir ki, nəsə gözdən qaça bilər".

V. Yaşar onu da qeyd edib ki, arxa cəbhədə olan hər kəs maska taxmaqla ordumuzu yoluxma risqindən qoruyaraq onlara öz dəstəyini nümayiş etdirməlidirlər:

"Hazırda qeyd olunan say hətta indi olan COVİD-li xəstələrin sayından çox-çox aşağı rəqəmdir. Çünki çox adam evdə özbaşına müalicələr alır, həkimə müraciət etmir, analizdən keçmir. Ona görə də biz bu sayı real olaraq dəyərləndirə bilmirik. Amma biz indi cəbhədəki əsgərlərə dəstək olmaq istəyiriksə, biz indi ölkəyə dəstək olmaq istəyiriksə, bu, hər bir vətəndaşın özündən başlayır. Mənlə iş düzəlməz deyib keçmək olmaz. Hər vətəndaş üzərinə düşən məsuliyyəti yerinə yetirsə, yardım göndərəndə də, dəstək olanda da tibbi maskanı istifadə etsələr və yaxud da heç olmasa əlimizi uzadanda toxunmayacaq qədər bir məsafəni gözləyə bilsək, biz çox böyük iş görmüş olarıq. Yəni, mən burada əsgərə özüm maska taxmaqla dəstək oluram. Çünki onların yoluxma riski bilirsiniz də nə deməkdir?! Bu, artıq iki cür düşmənlə mübarizə olmasın deyə ən azı biz burada öz üzərimizə düşən işi görməliyik ki, əsgərlərimizi qoruya bilək. İndi xəstəxanaların çoxu yaralı əsgərlərə yardım göstərirlər. Digər tərəfdən də COVİD xəstələri artdıqca onlara da stonsionar yardım göstərmək ehtiyacı yaranacaq. Və bu zaman biz seçim qarşısında qala bilərik ki, hansı xəstəxanada kimə yardım göstərilsin. Bu cür qarışıqlığın, bu cür problemlərin qarşısını almaq üçün indidən biz məsuliyyəti artırmalıyıq. Yəni tibbi maskadır, əl gigiyenasıdır və məsafədir ki, bunlara mütləq riayət etməliyik. Çox şey tələb olunmur əslində. Bəsit qaydalardır, əməl etsək işin öhdəsindən gələ bilərik". 

Təhməz Əsədov
Milli.Az