Qarabağda uduzan İrəvan qiyam ərəfəsində

16 Oktyabr 2020 15:42

"Başa düşürəm savaşdır. Anlayıram - əsgər gərəkdir. Amma niyə mənim oğlum? Bəs deyilmi oğullarımı əlimdən aldınız?!"

Ermənistanın Gekarkunik bölgəsinin sakini, 62 yaşlı Arevik Dadoyan İrəvanda, Müdafiə Nazirliyinin binasının qarşısında durub. O, ağlayır, yanından keçənlərə üz tutaraq "Onlar niyə belə edirlər?" deyir.

Arevik Dadoyan üç oğul anasıdır. Onun iki oğlu - Zaven və Torqom Dağlıq Qarabağa hərbi xidmətə göndərilmişdilər. İkisi də dörd il əvvəl, apreldəki "Dördgünlük Müharibə"də həlak olublar.

Sonbeşiyi Zarmayr isə ötən həftə Dağlıq Qarabağa aparılıb. 19 yaşlı Zarmayr Ermənistanda, Nubaranaşendə hərbi xidmətdə idi. İndi isə Ağdərə istiqamətdə gedən döyüşlərdədir.

Özü belə deyib anasına, son telefon zəngində.

Arevik Dadoyan deyir ki, əgər üçüncü oğlu da həlak olarsa, ürəyi partlayacaq, öləcək.

Zarmayr tək deyil: sentyabrın 27-də Ermənistanın silahlı qüvvələri Azərbaycan Ordusunun möqelərinə hücum edəndən sonra başlanmış İkinci Qarabağ Savaşında artıq 40 minə yaxın ermənistanlı iştirak edir. Daha doğrusu, Ermənistan ordusunda xidmət edən bu şəxsləri İrəvan Qarabağ savaşına yollayıb.

Ermənistanın baş naziri Nikoll Paşinyan "ölkədəki hərbçilərin olduqca az qismi Qarabağ ermənilərinə yardım üçün oraya yollanaraq döyüşlərə qatılıblar" deyir.

Həddən artıq ağır iqtisadi böhranla qarşılaşmış Ermənistanın başladığı savaş İrəvanın gözləntilərinin tam əksinə sonuclar verir.

Rəsmi İrəvan sentyabrın 27-də təxribata başlayanda əmin idi ki, hərbi əməliyyatlar maksimum iki-üç gün davam edəcək. Lakin ermənilər gümanlarında yanıldılar və Azərbaycanın döyüş meydanında qətiyyətli əks-hücum əməliyyatları ilə qarşılaşdılar. Rəsmi Bakı İrəvanı sülhə məcburetmə əməliyyatı vasitəsilə zəiflətməkdədir. Ermənistan diplomatiya müstəvisində də uduzur.

Qarabağ savaşında Azərbaycan Ordusunun fasiləsiz irəliləyişi, işğaldakı əraziləri dalbadal azad etməsi Ermənistan cəmiyyətində isteriya səviyyəsinə çatmış təlaş yaradıb.

Dağlıq Qarabağda 28 ildə inşa edilən və quraşdırılan müdafiə istehkamlarının "alınmazlığı", cəbhədəki təmas xətti boyunca uzanan "Ohanyan xətti" adlı dayaq məntəqələri və postlardan ibarət eşelonlaşmış müdafiə sistemi iki günü ərzində darmadağın oldu.

Qarabağda Ermənistanın hava hücumundan müdafiə sistemi məhv edildi, kommunikasiya xətləri və yolları PUA-larımızın sürəkli hədəfinə çevrildi.

Ən nəhayət, sentyabrın 27-dən başlamış döyüşlərdə Ermənistanın və qarabağlı ermənilərin itkiləri artıq 6 min nəfəri keçib.

Belə bir şəraitdə Ermənistanın baş naziri Nikol Paşinyanın yenə də "cəbhədəki taktiki uğurlar"dan, "strateji üstünlük"dən, "Ermənistanın əldə etdiyi siyasi dividendlər"dən bəhs etməsi ölkədə ciddi narazılıq və qıcıq yaradır.

Ölkə rəhbərliyinin Qarabağdakı durumla bağlı vətəndaşlara açıq-aşkar yalan danışması, Ermənistanın Müdafiə Nazirliyinin isə hərbi əməliyyatların gedişatını real əks etdirən məlumatlar vermək əvəzinə feyk və yalan olduğu dəfələrlə sübuta yetirilmiş uydurmalarla əhalini aldatmağa çalışması Paşinyan iqtidarından narazılığı nifrətə çevirməkdədir.

Nikol Paşinyan bunu anladığından xalqa son müraciətində cəbhədə vəziyyətin Ermənistan üçün kritik adlandırıla biləcək qədər ağır olduğunu, itkilərin çoxluğunu etiraf edib. Ermənistanın baş naziri problemləri "yeni hərbi, siyasi, taktiki və operativ planlara uyğun olan addımları ehtiva edən gedişlər" kimi qələmə verməyə çalışsa da, vətəndaşlar ona inanmırlar.

Düşmən ölkədə savaşın insan resursları ilə təminatı elə ağır durumdadır ki, N.Paşinyanın sərəncamı ilə, yaşı 18-dən yuxarı kişilərin Ermənistanı tərk etmələri yasaqlanıb. Ermənistanda hərbi vəziyyətdir, ümumi səfərbərlik elan olunub.

Artıq ordu sıralarına 50-60, hətta 70 yaşlı qocalar da çağırılırlar.

Qocaların "könüllü" olaraq Qarabağda döyüşlərə göndərilməsi Ermənistandakı hakimiyyətin vətəndaşın həyatına verdiyi dəyərin, daha doğrusu, dəyərsizliyin bariz nümunəsidir.

Hərbi məğlubiyyətlərlə yanaşı, Ermənistan ağır siyasi zərbələrə məruz qalıb. Qarabağ cəbhəsində atəşin dayandırılması ilə bağlı Azərbaycan və Ermənistanın XİN başçılarının Moskva razılaşmasını isə ermənilər fiasko sayırlar. Döyüş zonasında humanitar atəşkəsin bərqərar olmasını nəzərdə tutan anlaşma Dağlıq Qarabağ münaqişəsinin baza prinsipləri əsasında danışıqlar əsasında çözülməsini vurğulayıb.

Həmin prinsiplərsə Dağlıq Qarabağ ətrafında yerləşən və ermən işğalında olan 7 rayondan 5-nin ilk əvvəl, Kəlbəcər və Laçın rayonlarınınsa bir qədər sonra azad edilməsini nəzərdə tutur.

Məhz bu səbəbdən ermənilər Nikol Paşinyanı ölkəni və cəmiyyəti intihara aparan adam sayırlar.

Paşinyan hakimiyyətə gələndə bol vədlər versə də, o vədlərin heç birinə əməl etməyib.

Ermənistanın az qala bütün qonşu dövlətlərlə münasibətləri pisləşib, ölkədə işsizlik, yoxsulluq səviyyəsi və səfalət daha da artıb. Koronavirus pandemiyası isə ümumiyyətlə, Ermənistan iqtisadiyyatını çökdürüb.

Nikol Paşinyan çıxış yolunu hərbi vəziyyəti bəhanə edərək mediaya və sosial şəbəkələrə senzura tətbiq etməkdə görsə də, bu, amerikalı Corc Sorosun tam nəzarətindəki baş naziri xilas etməyəcək.

Sabiq prezidentlər Robert Köçəryan və Serj Sarsqyanın başçılıq etdikləri, əslən Dağlıq Qarabağdan olan ermənilərdən ibarət "qarabağlılar" klanı hakimiyyəti ələ keçirməyə çalışır.

Bu yolda onlar qiyamdan da çəkilən deyillər.

Elçin Alıoğlu
Milli.Az