Azərbaycan Türkiyə və Rusiya ilə ticarət münasibətlərini genişləndirib

16 Oktyabr 2020 15:17

Karantin rejimi müddətində Avropa ölkələrindən Azərbaycana ərzaq məhsullarının tədarükü çətinləşib və bu, öz növbəsində ticarət şəbəkələri və distribütorların Türkiyə və Rusiya şirkətləri ilə əməkdaşlığa başlamasına yol açıb.

Milli.Az bildirir ki, bunu Trend-ə "Ticarət şəbəkələri" İctimai Birliyinin sədri Samir Abdullayev deyib.

Onun sözlərinə görə, karantin dövründə qida məhsulları sahəsində bu ölkələrlə ticarət dövriyyəsi artıb:

"Bundan başqa, karantin rejimi ölkə daxilində bir sıra istehsalat müəssisələrini aktivləşdirib. Pandemiya müddətində ticarət şəbəkələrinin gəlirləri artıb, amma gəlirlərlə yanaşı, nəqliyyat xərcləri və sanitar-dezinfeksiya işləri ilə bağlı xərclər də artıb".

S.Abdullayev əlavə edib ki, karantin rejimi ticarət bazarının bütün iştirakçılarını, xüsusilə də ərzaq ticarət şəbəkələrini gigiyena və sanitar təhlükəsizlik məsələlərinə daha diqqətlə yanaşmağı, eləcə də satışın təşkili və qida məhsullarının yerləşdirilməsi ilə bağlı biznes proseslərini dəyişməyi öyrədib.

Milli.Az