"Beynəlxalq hüquq Azərbaycana tam əsas verir ki, düşmənin hədəflərini yerində zərərsizləşdirsin"

16 Oktyabr 2020 15:12

BMT-yə üzvlük Azərbaycan dövlətinə haqq verir ki, beynəlxalq hüququn verdiyi öhdəliklərdən irəli gələrək BMT nizamnaməsinin 51-ci maddəsinə əsasən, öz ərazisində hərbi əməliyyatlar aparan və sivil şəxslərini hədəfə tutan düşmənə qarşı lazımı tədbirlər görsün və ərazi bütövlüyü bərpa etsin.

Milli.Az bildirir ki, bunu Trend-ə siyasi elmlər üzrə fəlsəfə doktoru Nəsrin Süleymanlı deyib.

N.Süleymanlı bildirib ki, Azərbaycan dövləti başqa dövlətin ərazisində hərbi əməliyyatlar aparmır:

"Dünya ictimaiyyəti və beynəlxalq qurumlar, suveren dövlətlər Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəkləyir. Ən əsası da BMT TŞ qətnamələri Dağlıq Qarabağ ərazisini Azərbaycanın ayrılmaz hissəsi qəbul edir.

Ermənistan ordusu davamlı şəkildə beynəlxalq hüququn bütün prinsiplərini pozaraq mülki şəxsiyyətləri və infrastrukturları hədəfə alır. Ermənistan ordusunun həm Dağlıq Qarabağda yerləşdirilmiş, həm də öz ərazisində olan hərbi birləşmələri Azərbaycanın cəbhə bölgəsindən kənar şəhər və rayonlarını atəşə tutur. 27 sentyabrdan bu günə qədər artıq 47 nəfər dinc şəxs öldürülüb, 222 nəfər yaralanıb. Dünya birliyi bu vandalizmə susur.

Ermənistan ordusu bu günlərdə növbəti dəfə Vardenis rayonundan qadağan edilmiş Skad raketi ilə mülki əhalini hədəfə alaraq öz növbəti terror aktını həyata keçirmişdi. Ölənlər və yaralananlar var.

Düşmənin burda hədəfi iki istiqamətə bölünür. Məlumdur ki, müharibədə əsas aparıcı qüvvə kütlənin ruh yüksəkliyidir. Məhz bu hisslər və iradə ordunu istiqamətləndirir. Sivil kütləni hədəfə alan düşmən daxildə iğtişaş yaratmaq istyəyir. Digər tərəfdən isə regiona KTMT üzvlərinin diqqətini çəkmək istəyir. Azərbaycan tərəfini provakasiyaya sürükləyərək münaqişəni regional müstəviyə çəkməyə çalışır.

Məlumdur ki, KTMT xartiyasına görə bu təşkilata məxsus dövlətlərdən birinə hücum olarsa yalnız onda bu təşkilat münaqişəyə qarışa bilər. Bu halda Azərbaycan sadəcə öz mülki əhalisini və infrastrukturunu qoruyur və bütün media orqanlarından beynəlxalq ictimaiyyətə səslənərək müharibəni öz ərazisində apardığını bəyan edir. Azərbaycanın Ermənistanın torpaqlarında gözu yoxdur baxmayaraq ki, oralar da əzəli torpaqlardır. Bu halda Beynəlxalq hüquq da Azərbaycana tam əsas verir ki, düşmənin hədəflərini yerində zərərləşdirsin.

Əksinə Ermənistan KTMT-nin 20-ci bəndini pozaraq beynəlxalq hüquqa zidd hərəkətlər edərək təşkilatı nüfuzdan salır. Heç şübhəsiz ki, Ermənistan bu cür hərəkətlrəinə davam edərsə gələcəkdə bu təşkilatdan uzaqlaşıdırıla bilər.

Hətta onu da qeyd edək ki, son günlər gündəmdə müzakirə olunan sülhməramlı qüvvələrin ərazidə yerləşdirilməsi ilə də əlaqədar olaraq KTMT cavabi bir mənalı olmuşdur. Yalnız və yalnız Azərbaycan icazə verərsə və BMT TŞ-ın mandatı aldında ərazidə qoşunlar yerləşdirilə bilər".

Milli.Az