"Gəncənin bombalanmasını səssizliklə seyr etdilər!"

16 Oktyabr 2020 13:27

Dağlıq Qarabağda hərbi əməliyyatların ilk günlərində Ordumuzun Ermənistanın hərbi birləşmələri üzərində üstünlüyü hiss olunan kimi bir sıra ölkələr humanitar atəşkəs rejimi haqqında danışmağa başladılar.

Bunu Milli.Az-a açıqlamasında insan haqları müdafiəsi üzrə ekspert, siyasi fəal Yeganə Hacıyeva deyib.

O bildirib ki, humanitar atəşkəs rejimi Ermənistanın ATƏT-in Minsk Qrupundakı dostlarından ona "dost" hədiyyəsi idi:

"Hələ atəşkəs barəsində razılaşmadan öncə, həmsədrlər bu təklifi irəli sürəndə belə bizə aydın idi ki, bu "humanitar atəşkəs" rejimi Ermənistanın ATƏT-in Minsk Qrupundakı dostlarından ona "dost" xidmətidir. Çünki Ermənistan humanitar atəşkəs rejimini silahlı qüvvə və vasitələri cəmləşdirərək bizə hücüm etmək üçün bir fürsət olaraq istifadə edəcəyi bizə aydın idi.

Ümumiyyətlə, ermənilərin humanitar mövzuların silahlanma üçün geniş istifadəsi tarixdən də məlumdur, məsələn, 1988-ci il Spitak zəlzələsindən sonra dünyadakı ümumerməni diasporu "humanitar yardım" adı altında Ermənistana silah daşıdı. Eyni adla Dağlıq Qarabağa həmin il silahlar daşındı və sonra da Dağlıq Qarabağda separatizm alovlandı. İndi də dünyadakı ümumerməni diasporu Ermənistana "humanitar yardım" göndərmək təşəbbüslərinə start verib və ilk gündən bizə aydın idi ki, bu görüntü ilə silah-sursat daşınmasına start verilib. İlk günlərdən Rusiyadakı erməni diasporu "humanitar yardım" adı ilə İrəvan üçün 12 maşın yükün keçirilməsinə görə Gürcüstan XİN-ə tranzitlə keçid üçün müraciəti etdi.

Faktı yerində yoxlayan Gürcüstan XİN-i "silah daşınması" arqumenti ilə tranzitə icazə vermədi. Baxmayaraq ki, Rusiyadakı erməni diasporu BMT-nin İnsan Haqları Kommissiyasına müraciət hazırlayacağını və Gürcüstandan bu quruma şikayət edəcəyini elan etsə də bunu etmədilər, çünki silah-sursat daşındığının ifşa olunacağından narahat idilər. Analoji yanaşma qardaş Türkiyə tərəfindən də oldu, Türkiyə öz hava məkanı vasitəsilə Ermənistana ABŞ-dan 100 ton "humanitar yardım"ın çatdırılmasına icazə vermədi, çünki Ermənistanın mülki təyyarələrdə humanitar yardım daşınmasının təkzib olunmaz faktları var. Məsələn, Ermənistana silah-sursat gətirən təyyarələrin rəsmi səfərlər üçün nəzərdə tutulan dövlət bortundan istifadə edilməsi və qaçaqmalçı kuryerlərin rolunda isə erməni hökumətinin üzvlərinin çıxış etməsi, Xarici İşlər Naziri Zohrab Mnatsakanyan, baş nazirin müavini Mqer Qriqoryan və xarici işlər nazirinin müavini Şavarş Köçəryanın xarici səfərlərində rəsmi dövlət bortunda silah-sursat daşınması haqqında təkzib olunmaz faktlar mövcuddur".

Ekspert onu da qeyd edib ki, Ermənistanın Gəncə şəhərini raket atəşinə tutması onların terrorçu xislətini növbəti dəfə biruzə verdi:

"Ermənistanın ilk günlərdə humanitar atəşkəsə əməl etməyəcəyi məlum idi. Biz bu riyakarlığın Dağlıq Qarabağ konflikti tarixində bir neçə dəfə şahid olmuşuq. 21 fevral 1992-ci ildə Moskvada Azərbaycan, Rusiya və Ermənistan Xarici İşlər nazirlərinin görüşü və görüşün nəticəsi kimi humanitar atəşkəs və humanitar yardım barədə razılaşma əldə olunmuş ondan 5 gün sonra isə Ermənistan Azərbaycanın mülki əhalisinə qarşı müasir tarixin ən qanlı cinayətini, genosid həyata keçirmişdi. Bu dəfə də Ermənistan oktyabrın 9-da Moskvada hər üç ölkənin Xarici İşlər Nazirlərinin görüşündə "oktyabrın 10-dan humanitar atəşkəs razılaşması" müqaviləsi imzalasa da, oktyabrın 11-də gecə Gəncəyə mülki əhalinin yaşadığı binaları ballistik raket atəşinə tutdu. Gəncə şəhərinin raket atəşinə tutmaqla Ermənistan təkcə beynəlxalq hüquq və Cenevrə Konvensiyasının "hərbi əməliyyatlar zamanı mülki şəxslərin həyatını təhlükəyə atan hər hansı bir hücum və ya fəaliyyəti qadağan edən" müddəalarının pozmaqla yanaşı Ermənistan dövlətinin terrorçu xislətini də növbəti dəfə biruzə verib".

"Məsələ ondadır ki, konvensiyanı qəbul edən və imzalayan dünyanın bütün sivil ölkələri mülki şəxslərin həyatını təhlükəyə atmamaq öhdəliyini götürüblər.
Lakin gecə saatlarında, dinc şəkildə yatdığı bir zamanda onlara qəsdən və məqsədyönlü ballistik raket zərbələrin endirilməsi terrorizmin təzahürüdür. 
Ermənistan bu addımı ilə beynəlxalq humanitar hüquq baxımından terrorçu dövlət olmasını sübüt etdi, çünki bu əmri verən, bu əmri həyata keçirən hər kəs terrorçudur. Lakin məsələnin dəhşətli tərəfi odur ki, Gəncəyə ballistik raket atılmasını nəinki sivil dünya, heç ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri belə yetərincə qınanamadılar. Digər insan haqqları təşkilatları, Azərbaycanda siyasət izləyicilərinə tanış olan Amnesty İnternational, Human Rights Watch, Avropa Şurası İnsan Haqqları Kommisiyası və kommissarı Gəncədə mülki əhali və infrastruktura qarşı bu beynəlxalq humnitar hüququn pozulması və terror aktını səssizliklə seyr etdilər. Bu terror aktı dünyanın bütün mədəni ölkələri tərəfindən qınanmalı və şübhəsiz ki, bu zərbənin arxasında dayananların hamısı məsuliyyətə cəlb edilməlidir. Azərbaycan bu terror aktının siyasi və hüquqi qiymətinin verilməsi üçün lazımi siyasi və hüquqi instansiyalara müraciət edəcək və bu zərbənin arxasında dayananların hamısının məsuliyyətə cəlb olunması üçün əlimizdən gələni edəcəyik", - Yeganə Hacıyeva deyib. 

Təhməz Əsədov
Milli.Az