Siqaretçəkmədən sonra ürəkbulanma olarsa

17 Oktyabr 2020 07:51

Siqaretçəkmə zamanı ağciyərlərin, ürək-damar sisteminin, metobolizmdə baş verən patologiyaları saymaqla qurtarmaq olmaz. Hətta siqaretə başladıqdan sonra həzm sisteminin pozulması barədə həkimə müraciət edən adamlara da tez-tez rast gəlmək olur.
Bəs siqaret çəkdikdən sonra əmələ gələn ürəkbulanmanın səbəbləri nədir?
Bu hissi siqareti ilk dəfə əlinə alan adam da hiss edir və bu hiss siqaret çəkdiyi müddətcə onu tərk etmir.
Siqaretdən bir qüllab alıb tüstünü daxilinə çəkən şəxsdə ürəkbulanma baş verir. Bu zaman həmin şəxs ikinci dəfə tüstünü daha dərinə qədər çəkir. Bununla o, dərindən nəfəs alır və ona elə gəlir ki, ürəkbulanmanı yatızdırır. Tüstü həm ağız vasitəsilə ağciyərlərə təsir edir, həm də burun vasitəsilə insanın beynini qıcıqlandırır. Siqaretin tərkibində olan nikotin və digər toksiki maddələrin orqanizmə zərərli təsirləri orqanizmdə böyrəküstü vəzi normadan artıq adrenalin və dofamin ifraz etməyə məcbur edir. Bu zaman böyrəküstü vəz çox miqdar adrenalin ifraz edir ki, bu da ürəkdöyünməni artırır. Bu zaman beyin damarlarına da qan çoxlu miqdarda axın edir və qan dövranı sürətlənir, kəllədaxili təzyiq yüksəlir. Kəllədaxili təzyiq yüksəldikdə isə ürəkbulanma, baş ağrıları və baş hərlənməsi müşayiət edilir.
Bəs bundan necə xilas olmaq olar?
Cavabı çox sadədir - Siqareti atmaq!

Milli.Az