Operativ Qərargahdan 65 yaş tövsiyəsi

16 Oktyabr 2020 10:10

Son günlər bir sıra ölkələrdə, o cümlədən Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarında kəskin artım müşahidə olunmaqdadır. Bu səbəbdən mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində bir sıra məhdudiyyətlərin tətbiq olunmasına qərar verilib.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan Milli.Az-a bildirilib ki, sanitar-epidemioloji vəziyyət, koronavirusa yoluxmuş aktiv xəstə sayı və yoluxma sürəti əsas götürülməklə aşağıdakı məhdudiyyətlər tətbiq edilir:

● 2020-ci il 19 oktyabr saat 00:00-dan 2 noyabr saat 06:00-dək Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılır;

● 2020-ci il 19 oktyabr tarixindən 2 noyabr tarixinədək ölkə üzrə bütün təhsil müəssisələrində tətil elan olunur.

Yüksək risk qrupuna daxil olan 65 yaşdan yuxarı şəxslərin ən zəruri hallarda yaşayış yerlərini tərk etmələri tövsiyə edilir. 

Bir daha vətəndaşlarımızı COVID-19 ilə bağlı hazırkı vəziyyətdə şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara ciddi əməl etməyə, qoruyucu maskalardan istifadə etməyə, evdən yalnız zəruri ehtiyac yarandıqda çıxmağa, ictimai yerlərdə kənar şəxslərlə minimum kontaktda olmağa, mövcud karantin şərtlərinə əməl etməyə çağırırıq. 

Milli.Az