Ermənilərin atdığı raketlər İran ərazisinə düşüb - FOTO

16 Oktyabr 2020 07:00

Ermənilərin atdığı raketlər İran ərazisinə düşüb.

Raketlərdən biri İranın Şərqi Azərbaycan əyalətinin Heris şəhərinin Ağa Əlilu kəndinə, digəri isə Güney Azərbaycanın Qulubəyli kəndinə düşüb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, "Günaz TV"nin məlumatına görə, İlk hadisə barədə mediaya açıqlama verən Heris şəhərinin fərmandarı Əlirza Xakpur deyib ki, raket oktyabrın 13-də günorta saat 15:00 radələrində Ağa Əlilu kəndinin əkin sahələrinə düşüb:

"Təəssüflər olsun ki, Qarabağ bölgəsində gedən savaşa görə, Ağa Əlilu kəndinə bir raket düşüb. Raketin kəndin əkin sahəsinə düşməsi səbəbilə ölən və yaralanan yoxdur və hazırda məsələ araşdırılır", - deyə Heris şəhərinin fərmandarı Əlirza Xakpur bəyan edib.

Heris şəhəri Təbrizin şimal-şərq istiqamətinin 70 kilometrliyində yerləşir.

ANT-nin məlumatına görə, erməni silahlılarının atdığı, Güney Azərbaycanın Qulubəyli kəndinə düşmüş digər raket isə yaşlı kişinin xəsarət almasına səbəb olub.

Hazırda həmin ərazidə xilasetmə işləri aparılır.

Milli.Az