Ermənistanın təcavüzkarlığı təşviq edən strategiyası Azərbaycana qarşı yeni müharibənin ayaq səsləri idi

15 Oktyabr 2020 21:31

Malayziyanın dövlət informasiya agentliyi olan BERNAMA, eləcə də təkcə Malayziyada deyil, Cənub-Şərqi Asiyada ən tanınmış nəşrlərdən olan "New Straits Times" qəzeti ölkəmizin Malayziyadakı səfiri Qaley Allahverdiyevin geniş məqaləsini dərc edib. "Azərbaycan öz regionunda sülh və sabitlik istəyir" sərlövhəli məqalədə Ermənistanın sentyabr ayının 27-dən başalayaraq ölkəmizə qarşı davam etdirdiyi hərbi hücumlardan bəhs olunub, bu hücumların bəşəriyyətə meydan oxuyan nəticələri barədə oxuculara ətraflı məlumat verilib.

Azərbaycanın Malayziyadakı Səfirliyindən Milli.Az-a verilən məlumata görə, səfir Q.Allahverdiyev bildirib ki, hazırda dünya ölkələri COVID-19 pandemiyası və onun sosial-iqtisadi yükü ilə mübarizə apararkən, Azərbaycan ikiqat çağırışlarla qarşılaşmışdır. Azərbaycan səfiri Ermənistan hərbi qüvvələrinin ağır artilleriya və iri çaplı silahlardan, 11 oktyabr tarixində isə Gəncə və Mingəçevir şəhərləri nümunəsində olduğu kimi, ballistik raketlərlə mülki əhalini və mülki obyektləri hədəfə aldığını, beləliklə, heç bir beynəlxalq humanitar öhdəliklərə məhəl qoymadığını nəzərə çatdırıb. Bu səpkidə Q.Allahverdiyev Azərbaycan Respublikasının Baş Prokurorluğu, eləcə də Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən dərc edilmiş hesabat və informasiya materiallarına istinad edərək, sözügedən hücumların səbəb olduğu mülki insan tələfatı və dağıntılar barədə məlumat verib.

Məqalədə qeyd olunub ki, Azərbaycanın siyasi-hərbi rəhbərliyi Ermənistana qarşı həyata keçirdiyi sülhə məcbur etmə əməliyyatlarının ilk günündən etibarən mülki əhalini və mülki obyektləri hədəf almayacağını əvvəlcədən elan etmişdir. Q.Allahverdiyev Azərbaycanın işğal olunmuş ərazilərimizdəki mülki əhali ilə hər hansı probleminin olmadığına işarə edərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Dağlıq Qarabağda yaşayan erməniləri Azərbaycan vətəndaşları hesab etdiyinə dair fikirlərini xüsusilə vurğulayıb.

Eyni zamanda, Azərbaycan səfiri Ermənistanın cari ilin iyul ayında qəbul edilmiş Milli Təhlükəsizlik strategiyasına toxunaraq, təcavüzkarlığı aşkar şəkildə təşviq edən bu sənəddən sonra Azərbaycana qarşı hərbi hücumların gözlənilən olduğunu vurğulayıb və əlavə edib : "Bu və digər belə cəhdlər Azərbaycana qarşı yeni bir müharibənin ayaq səsləri idi".

Azərbaycan səfiri onu da vurğulayıb ki, bu gün dünya ictimaiyyətinin göstərməli olduğu qətiyyətli mövqe təkcə Azərbaycanın haqlı mübarizəsi üçün deyil, eyni zamanda beynəlxalq hüquq və ədalətin əsas öhdəliklərinin xilas edilməsi üçün önəm daşıyır.

Milli.Az