Prezident İlham Əliyev: Bizim yanaşmamız budur ki, bu məsələ hərbi-siyasi yollarla çözülsün

15 Oktyabr 2020 19:41

Bizim də fikrimiz odur ki, münaqişə sülh yolu ilə həll olunsun, ancaq həll olunsun. Amma biz nə gördük, bu 30 il heç bir nəticə vermədi. Otuz il ərzində bu atəşkəs rejimində Ermənistan işğal edilmiş torpaqlarda güclü mühəndis-istehkam qurğuları qurub. Bu gün Azərbaycan Ordusunun peşəkarlığı və cəsarəti nəticəsində biz o istehkamları yarırıq. Otuz il ərzində Ermənistan sülhə yox, bu torpaqları daim işğal altında saxlamağa səy göstərib. Yəni, bu sülh, atəşkəs prosesi buna gətirib çıxardı. Ondan sonra Ermənistan rəhbərliyi daha da azğınlaşdı.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Prezident İlham Əliyev bu barədə Türkiyənin NTV kanalına müsahibəsində bildirib.

Dövlətimizin başçısı deyib: "Baxın, Paşinyan nələr söyləyirdi, onun müdafiə naziri nə söyləyirdi? Müdafiə naziri söyləyirdi ki, biz Azərbaycanla yeni müharibə aparacağıq, yeni torpaqlar uğrunda yeni müharibə. Bu, bizə qarşı açıq hədə idi. Paşinyan deyirdi ki, "Qarabağ Ermənistandır və nöqtə". Yəni ki, bir santimetr torpaq bizə verilməyəcək. O zaman hansı sülh yolları ilə bunun həlli mümkündür? Mən isə deyirdim ki, biz indi məsələnin hərbi yollarla həlli prosesindəyik. Biz istəyirik ki, bu proses nə qədər tez olsa bitsin və ondan sonra diplomatik proses başlasın. Yəni, bizim yanaşmamız budur ki, bu məsələ hərbi-siyasi yollarla çözülsün. Tək hərbi yolla həll edilə bilməz. Mən bunu qəbul edirəm. Çünki fəal toqquşma prosesindən sonra tərəflər gərək sülh müqaviləsi haqqında düşünsünlər və bunu etsinlər. Yəni, siyasi yollar olacaq. Ona görə hərbi-siyasi yol ən məqbul yoldur. Biz hərbi yolu dayandırmaq istəyirik. Ancaq Ermənistan hələ də düşünür ki, itirilmiş, yəni, bizim azad etdiyimiz torpaqları geri qaytaracaq. Ona görə döyüş meydanında da bizə daim hücum edir".

Milli.Az