Prezident İlham Əliyev: Azərbaycan Ordusu hər gün uğurlu əməliyyatlar keçirir

15 Oktyabr 2020 18:17

Azərbaycan Ordusu demək olar ki, hər gün uğurlu əməliyyatlar keçirir. Bu əməliyyatlar haqqında ictimaiyyətə də məlumat verilir. Bizim əsas məqsədimiz ərazi bütövlüyümüzü bərpa etməkdir. Ona görə döyüş meydanında da əsas hədəf strateji yüksəklikləri işğalçılardan azad etmək və böyük əraziləri nəzarət altına almaqdır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Prezident İlham Əliyev bu barədə Türkiyənin NTV kanalına müsahibəsində deyib.

"Dünən mənim tərəfimdən verilən açıqlama Azərbaycan xalqını növbəti dəfə sevindirdi. Füzuli rayonunun 3, Xocavənd rayonunun 5 kəndi işğalçılardan azad edildi. Onu da deyim ki, həm şimal, həm cənub və həm də şərq istiqamətlərində strateji yüksəkliklər artıq bizim nəzarətimizdədir. Bizim uğurlu əməliyyatımız davam edir. Bu günə qədər, - əlbəttə ki, hər gün bu rəqəmlər dəyişir, - təqribən 40-a yaxın, ya da ki, 40-dan çox yaşayış məntəqəsi, - şəhərlər və kəndlər işğalçılardan azad edilmişdir. Yaxın vaxtlarda növbəti sevincli xəbərlər, xoş xəbərlər gələcəkdir", - deyə dövlətimizin başçısı bildirib.

Prezident İlham Əliyev deyib: "Cəbrayıl rayonunun kəndlərinin böyük qismi artıq bizdədir. Eyni zamanda, Füzuli rayonunun bir çox kəndlərini işğalçılardan azad etdik. Əminəm ki, yaxın zamanlarda Füzuli rayonundan da çox yaxşı xəbərlər gələcək. Eyni zamanda, şimal istiqamətində Suqovuşan qəsəbəsinin işğalçılardan azad edilməsi də çox uğurlu əməliyyat nəticəsində baş vermişdir. O da strateji əhəmiyyətə malikdir. Çünki orada həm yüksəkliklər böyük əraziyə nəzarət etməyə imkan yaradır, həm də orada çox önəmli su anbarı yerləşir".

Azərbaycan Prezidenti qeyd edib ki, Suqovuşan qəsəbəsində yerləşən anbar nəzarətimizə keçəndən sonra artıq böyük bir əraziyə su verilir. "Ona görə biz əməliyyatımızı tədricən, vahid bir planlama əsasında aparırıq. Bütün hədəflər seçilib. Ermənistan tərəfi sadəcə olaraq bu reallıqla hesablaşmalı və təcavüzünü dayandırmalıdır, atəşkəsə əməl etməlidir və qalan torpaqlardan da öz xoşu ilə çıxmalıdır ki, qan tökülməsin və bundan sonra bu məsələ sülh yolu ilə həll edilsin", - deyə dövlətimizin başçısı əlavə edib.

Milli.Az